"Azərbaycanın sammittə qatılması Rusiyaya bir mesajdır" - Politoloq
15:32 / 24.05.2017
2003
"Səudiyyə Ərəbistanı ona yaxın olan müsəlman ölkələrini ABŞ prezidenti Donald Trampa göstərmək üçün yığmışdı. Və tək olmadığını, arxasında böyük kütlə olduğunu sübut etdi"
Bu sözləri Sfera.az-a ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə səfəri, Ərəb-İslam-Amerika Sammiti və Azərbaycanın bu tədbirdə iştirakını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanın Səudiyyə ilə münasibətləri olduqca yaxşıdır:
"Səudiyyənin əsas siyasətlərindən biri anti-İran siyasətidir. Bu görüşün digər məqsədi sammitə qatılan ölkələri İrana qarşı yönəltmək idi. Sammitdə hər hansı bir sənəd imzalanmadı. Ancaq müsəlman sivilizasiyasının terrorla heç bir əlaqəsinin olmamasına dair bəyanat xüsusi əhəmiyyətli idi. İslam mədəniyyətinin terrorla heç bir əlaqəsi yoxdur. İslamı terrorla bağlamaq siyasi məqsədlər naminə edilir. Bundan başqa, Azərbaycan sammitdə iştirak etməklə göstərdi ki, seçim imkanları genişdir və siyasi istiqamətini dəyişə bilər. Hətta Azərbaycanın samittə qatılmasını Rusiyaya bir mesaj kimi də hesab etmək olar".
Gülnarə Eynullaqızı
Sfera.az