Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Şeyx Abdullah bin Zayed Al Nahyanla keçirdiyi son görüşü məmnunluqla xatırlayan Prezident İlham Əliyev bildirdi ki, ötən müddət ərzində ölkələrimiz dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində böyük inkişafa nail olub. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksək səviyyədə və dinamik inkişafda olduğunu deyən dövlətimizin başçısı siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın çox yaxşı istiqamətdə inkişaf etdiyini vurğuladı. Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanla dünənki görüşünə toxunan Prezident İlham Əliyev bu görüşü ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə olan böyük qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirdi və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyanın ölkəmizə səfərinin də bu baxımdan əhəmiyyətli addım olduğunu dedi.

Şeyx Abdullah bin Zayed Al Nahyan Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin salamlarını Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırdı. İkitərəfli əlaqələrimizin inkişafından qürur duyduğunu deyən qonaq bu əlaqələrin genişləndirilməsində Prezident İlham Əliyevin liderliyinin əhəmiyyətli rolunu qeyd etdi.

Görüşdə son vaxtlar Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının xeyli artdığı vurğulandı, bunun ölkəmizdə olan əmin-amanlıq və qonaqpərvərliyin göstəricisi olduğu bildirildi.

Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, ixrac-idxal, ticarət, turizm, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə çatdırmağı xahiş etdi.

OXŞAR XƏBƏRLƏR