ÇARƏSİZ VƏ QORXAQ SOLÇU - ŞABAN

01:33 / 22.05.2017
2451
Çəkiliş üçün getdiyi ilk filmdə ssenaridən ona pay çatmayıb. Rejissor "Onda sən də gül” deyib. O da gülüb… Bununla da türk kinosunun gülən və güldürən adamına çevrilib. Şaban obrazı ilə ürəklərə yol tapan və insanlara gülüş bəxş edən aktyor Kamal Sunal sevənlərini bircə dəfə ağlatdı. Dünyadan köçəndə…
O, Kiçikbazarın taxta evlərinin sıralandığı məhəllələrin birində dünyaya gəlmişdi. Təqvim 1944-cü il 11 noyabrı göstərirdi. Məhəllələrində varlığı, yoxluğu bölüşən gözəl insanlar var idi.
Vəfa Litseyində orta təhsil almağa başlayanda dostluq çevrəsi də dəyişir. Sinif yoldaşları bilmirdi ki, dostluq etdikləri bu uşaq gələcəkdə şöhrətli bir aktyor olacaq. Ancaq Kamal Sunal da bilmirdi ki, məktəb illərində yaşadıqları onu məşhurlaşdıracaq olan "Hababam sınfı” filminin epizodlarıdır.
Kamal savadlı bir uşaq olsa da, hər sinfi iki ilə oxuyub. Çünki yoldaşlar bir-birlərindən ayrı düşməmək üçün sinifdə qalırlarmış. "Hababam sınfı”ndakı kimi onların da sinfində hər şagirdin bir ləqəbi olub. Kamala isə Koçero ləqəbi qoyublarmış.
O, məktəbin teatr dərnəklərində aktiv iştirak etməyə başlayır. Fəlsəfə müəlliməsi aktyorluq istedadını hiss edərək ona məktəbin teatr tamaşalarında rol verilməsinə köməklik göstərir. Müəlliməsindən aldığı dəstək onun özünə güvənini artırır.
Atası Mustafa onun aktyor olmasına qarşı çıxsa da, müəlliməsi ailəsini razı sala bilir və Kamalı Kəntərlər Teatrına gətirir. O, burada peşəkar aktyorlarla bir səhnəni bölüşür.
Litseyi bitirəndən sonra ali məktəbə qəbul olur, ancaq teatr qastrolları onun dərslərdə davamiyyətini pozur. Nəticədə, qaib sayları onu ali məktəbdən uzaqlaşdırır. Ancaq Kamal aktyor fəaliyyətinə davam edir.
Ona qarşı qəribə bir simpatiya var imiş. Səhnəyə çıxdığı andan bütün diqqəti özünə cəmləyirmiş. Fərqli, xoş siması və istedadı qısa zamanda onu xalqa sevdirir. Gənc yaşında insanları güldürməyi bacaran bir aktyor ola bilir.
Kamal özünün də gözləmədiyi bir vaxtda teatrdan kinoya keçir. İlk çəkildiyi film olan "Tatlı dillim”də çox az görünsə də, göründüyü hər kadr qəhqəhəylə qarşılanır. Beləliklə, elə rol aldığı ilk filmdən tamaşaçının qəlbini fəth edə bilir.
Ard-arda filmlərdə çəkilməyə başlayan Kamal Sunalın hər filmdə rolu bir az da böyüyür. Təbii ki, tamaşaçı və heyranlarının kütləsi də…
"Şabanoğlu Şaban” filminə çəkilməklə isə türk kinosuna "Şaban” adını gətirir. Bu ad Kamal Sunal əfsanəsinə çevrilir və hətta ölümündən sonra da onu yaşadır.
İllər sonra kinoda
1991-ci ildə oynadığı "Varyemez” adlı filmdən sonra uzun müddət kinodan uzaqlaşır. Ancaq çəkiliş meydançalarından, kameralardan uzaq qalmaq nə onun aktyorluq qabiliyyətinə, nə də məşhurluğuna xələl gətirir. İllər sonra dən düşmüş bığları, ağarmış gicgahı və mühafizəçi libasıyla tamaşaçıların qarşısına çıxır. Filmin sürprizi isə oğlu Əli Sunalın da onunla birgə oynaması olur.
Heyranları ondan yeni film gözləyərkən 2000-ci ildə rejissor Əli Özgentürkdən təklif gəlir. Rejissor "Balalayka” adlı bir film çəkmək və Kamal Sunalın orada oynamağını istəyir. Aktyor da təklifi qəbul edir. Film çəkilişi üçün təyyarəylə Trabzona getməli olurlar. Ancaq Kamal Sunalın təyyarə fobiyası var idi. Həmişə uzun səfərlər üçün belə avtomobildən istifadə edirmiş. Bu dəfə təyyarəyə minməli olduğu üçün çox həyəcan keçirir, hətta yola düşərkən "Ürəyim heç getmək istəmir. Amma film çəkilişi var, məcburam” deyir. Və təyyarə qalxan kimi aktyor infarkt keçirərək vəfat edir. 2000-ci il 3 iyulda, 56 yaşında… 82 filmdə oynayan Kamal Sunala bu filmə çəkilmək nəsib olmur.
Gülməyi sevmirdi
Gülərüz simalı və rolları ilə gözəlürəkli bir adam kimi yaddaşlara həkk olan Kamal Sunal həyatda soyuq və ciddi adam olduğunu, gülməyi isə heç sevmədiyini deyərmiş. Qənəatcil imiş, hətta o qədər qənaətcil ki, yeməyi belə az yeyərmiş.
Rollarına görə hər kəs onu həyatda da sadəlövh, axmaq hesab edərmiş. Amma dostları deyir ki, Kamal çox ağıllı insan idi: "Amma həmişə öz həyat qaydaları ilə yaşaya bilmədi. Çünki çarəsiz idi, həm də qorxaq…”
Oğlunun dediyinə görə, filmdə oynadığı rolları daha yaxşı canlandırmaq üçün evdə də obrazının geyimi ilə gəzərmiş.
Həmişə viski içərmiş, həkim qadağa qoyandan sonra isə içkini tərgidib. Amma uzun müddət "Araq içirəm” deyə su içərək dostlarını aldadıb.
51 yaşında Marmara Universitetinin məzunu olub, doktorluq müdaifə etməyi və müəllim olmağı arzulasa da, vaxtsız ölümü bu arzusunu gözündə qoyur.
Solçu imiş. Ancaq heç vaxt nə mövqeyini bildirib, nə danışıb, nə də hər hansı bir siyası hadisənin iştirakçısı olub. Həmişə qaçıb bundan.
Sənət həyatını dəyişən ilk filmi evlilik həyatının da, demək olar ki, başlanğıcı olur. İlk filmindən sonra Ankaraya səfər edən aktyoru izləməyə gələn və zalda ilk sırada əyləşən bir qız olur. Kamal təsadüfən qızla göz-gözə gəlir. Daha sonra bir dost məclisində həmin qızla bird aha qarşılaşır. Dostlarının təkidi ilə onunla görüş təyin edir. Aktyor görüşə gec gəlir, səbəb isə tanımadığı bir qadınla görüşmək istəməməsi olur. Ancaq Kamal Sunalın can çəkə-çəkə görüşdüyü o qız, bilirsiniz, kimdir? Aktyorun "Bir dəfə də doğulsam, min dəfə də doğulsam, yenə Kamal Sunalla evlənərdim” deyən həyat yoldaşı Gül Sunal.
Həmin vaxt iki il məktublaşırlar. Atası elə bilirmiş ki, Gül aktrisa olmaq istəyir. Qız isə gerçəyi özündə gizli saxlayır, gülüb keçərmiş.
Ancaq həqiqət ortaya çıxanda Gülün ailəsi onun Kamalla evlənməyini istəmir. Ancaq onu tanıdıqca qərarlarını dəyişirlər. Kamalla Gül evlənir və özü kimi aktyor olan Əli və Ezo adlı uşaqları dünyaya gəlir. Həyat yoldaşı deyir ki, Kamalın sənət həyatında heç vaxt çətinlik yaratmayıb: "Şəxsi həyatında da böhran yaşatmamışam. Övladlarımız da mənim kimi… Heç vaxt "Onu istəyirik, bunu istəyirik” deməmişik.
Heç vaxt onun nə qədər pul qazandığını bilməmişəm, heç maraqlanmamışam da. Hansı filmdən nə qədər pul alır, ayda nə qədər qazanır, heç vaxt soruşmamışam. Pulunun qədrini bilən adam idi, amma indi belələrinə xəsis deyirlər”.
Həyat yoldaşının da dediyi kimi, Kamal Sunalın niyə bu qədər sevildiyi heç vaxt bəlli olmadı. Onda nəsə var idi, amma nə? Bilinmədi. Elə Gülən adam olaraq da öldü…