Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir
Rusiya Federasiyası Ali Məhkəməsinin Ümurusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərarını Gürcüstanda yaşayan soydaşlarımız etirazla qarşılayıb. 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi və bu ölkədə fəaliyyət göstərən Azərbatycanlıların Mədəniyyət Mərkəzi bəyanat yayaraq narahatlıqlarını bildiriblər.

Bəyanatlarda Azərbaycan-Rusiya münasibətlərinin həmişə yüksək səviyyədə olduğu, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələri inkişaf etdiyi və bu münasibətlərə iki ölkə prezidenti arasındakı qarşılıqlı anlaşma və dostluq əlaqələrinin təsiri vurğulanır. Buna baxmayaraq, Rusiyanın bəzi anti-Azərbaycan dairələrinin, dövlət orqanlarındakı ermənipərəst şəxslərin, habelə bu ölkədəki erməni lobbisinin Azərbaycan xalqına və dövlətinə qarşı təxribat xarakterli fəaliyyətini davam etdirdiyi vurğulanır.

Gürcüstan azərbaycanlıları hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvinin arxasında da məhz bu qüvvələr dayanır və onların məqsədi Rusiya ilə Azərbaycanın münasibətlərini imtahana çəkməkdir.

Gürcüstandakı Azərbaycan icması, azərbaycanlıların birləşdiyi diaspor təşkilatları, ziyalılar, media qurumları və QHT-lər RF Ali Məhkəməsini xalqlarımızın dostluq münasibətlərinə kölgə sala biləcək təxribat xarakterli bu qərarı ləğv etməyə çağırır.

OXŞAR XƏBƏRLƏR