İranda bu şəxs prezident seçiləcək - Siyasi şərhçinin rəyi
14:04 / 19.05.2017
1281
İranda Bakı vaxtı ilə 07:30-da ölkədə keçirilən prezident seçkilərində səs vermək üçün 63 mindən çox seçki məntəqəsi açılıb. Bülletenlərdə 4 namizədin adı qeyd olunub. Bu, ikinci müddətə namizədliyini irəli sürən Həsən Ruhani, ölkənin keçmiş baş prokuroru İbrahim Rəisi, sabiq mədəniyyət və islam maarifləndirilməsi naziri Mustafa Ağa Mirsəlim və keçmiş sənaye naziri Mustafa Haşimi Tabadır. İlk iki nəfər aşkar favorit hesab olunur. Sosial sorğuların nəticələrinə əsasən, onların qələbə qazanmaq şansları bərabərdir. Keçmiş hökumət üzvləri isə aşkar autsayder kimi görünürlər və özləri də bunu etiraf edirlər. Qələbə üçün namizədlər səslərin 50 faizdən çoxunu toplamalıdırlar. Bu baş tutmazsa, ikinci tur keçiriləcək və orada birincinin nəticələrinə görə iki namizəd mübarizə aparacaq.
Məsələni Sfera.az-a şərh edən siyasi şərhçi Sədrəddin Soltan fərd olaraq, İranda prezdentliyə namizədlərin heç birini dəstəkləmədiyini bildirdi:
"Çünki ölkənin taleyində İran prezidenti əsas fiqur deyil. Bundan başqa İslam Respublikasında keçirilən prezident seçkisi və başqa seçkilərdə azad və ədalət prinsipləri təmin edilmir. Bu seçkilər İranda fars olmayanların milli haqlarının təmin edilməsində heç bir baxımdan təsir göstərə bilmir. Düşüncə və baxışlarımıza uyğun gəlmədiyindən rəğbət edə biləcəyim namizəd yoxdur. Çünki namizədlərin hamısı İran mərkəzli fars düşüncə sisteminə qulluq edənlərdir.
S. Soltanın fikrincə, dünyanın başqa dövlətlərində prezidentliyə namizəd olan siyasi xadimlərə rəğbət bəslənilir:
"İndiki halda və şəraitdə İranda belə bir ümumi rəğbət qazanacaq namizəd yoxdur. Mənim və başqalarının rəğbət bəsləyib, bəsləməməsindən asılı olmayaraq, fəaliyyətdə olan prezident Həsən Ruhani öz postunda qalacağını ehtimal edirəm".
Gülnarə Eynullaqızı
Sfera.az