Sərdar Cəlaloğlu: "Rusiyanın konqresi ləğv etməkdə yeganə məqsədi budur" - MÜSAHİBƏ
13:03 / 19.05.2017
1443
Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava məkanını nəzarətə götürməyə cəhd göstərib. Mayın 16-da isə ermənilər axşam saatlarından başlayaraq gecə ərzində Ağdam istiqamətində mövqelərimizi intensiv atəşə tutub. Bundan başqa, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son zamanlar baş verən hadisələrə aydınlıq gətirərək şərh edib.
ADP sədrinin Sfera.az-a müsahibəsini təqdim edirik:
-
Dağlıq Qarabağın işğalından 25 il ötür, atəşkəs də davamlı şəkildə pozulur. Sizcə, buna son qoymağın vaxtıdır?
- Bəli, artıq vaxtıdır. Qarabağın işğalının bölünməsi Azərbaycanın ərazisi ilə bağlı qeyri-müəyyənlik yaradır. İşğalı tam götürməliyik. Biz Şuşa, Laçın deyəndə, dünayada çaşqınlıq yaranır və onlar elə düşünürlər ki, digər işğal altında olan rayonlarımız ermənilərindi. Bunu ictimaiyyətə belə çatdıranlar Azərbaycan xalqının düşmənləridir. Dağlıq Qarabağı ermənilərə vermək üçün ictimai rəyi hazırlayan insanlardır.
- Bişkek protokolu imzalanarkən atəşkəs haqqında üç şərt var idi. Üç şərtdən hansına əməl olundu?
- O şərtlərdən yalnız biri, yəni atəşkəsin dayandırılması həyata keçirildi. Digər şərtlər isə həyata keçirilmədi. Bu şərtlərdə beynəlxalq qüvvələrin bir araya gətirilməsi, çox qısa müddət ərzində böyük sülh sazişinin hazırlanması və atəşkəs rejimi şəraitində işğal olunmuş ərazilərdə hərbi xarakterli tikililərin qadağan edilməsi idi. Biz atəşkəs rejiminə əməl etdik, ermənilər isə iki şərtdən heç birinə əməl etmədi. Böyük sülh sazişinin imzalanması hər dəfə uzadıldı, beynəlxalq güclər isə iki vuruşan dövləti bir araya gətirmədilər. Çünki ruslar "ancaq bizim qoşunumuz olacaq", dedi, digər dövlətlər də razı olmadığı üçün qoşulmadılar.
- Yəni ermənilər əməl etmədilər...
- Ermənilər atəşkəs rejiminin üçüncü şərtini pozdu. İşğal olunmuş əraziləri həm ilhaq etdilər, həm də hərbi cəhətdən daha möhkəm zərbələr vurdular. Atəşkəs rejimi faktiki olaraq formal mövcuddur. Hansı tərəf nə vaxt istəyirsə, o vaxt da poza bilir. Onsuz da atəşkəsin üç şərti ermənilər tərəfindən pozulub. Bir şərti qalıb, onu da arada Azərbaycan poza bilər. Bütün bunlar da onu göstərir ki, atəşkəs rejimi bir oyundur.
- Mayın 15-də Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv etdi. ÜAK-ın qeydiyyatının ləğvində məqsəd nədir?
- 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkisi öncəsində də Rusiya Milyarderlər İttifaqı yaratdı və oradakı Azərbaycan diasporlarını kifayət qədər gücləndirdi. Hətta Rusiya prezidentinin müşaviri də ittifaqın yaranmasında çıxış etdi. Sonradan məlum oldu ki, Rusiyanın təzyiqinin məqsədi Azərbaycanı müəyyən güzəştlərə razı salmaqdır. Çünki seçkilər ərəfəsində Putin Azərbaycana gəldi və 20 milyard dollarlıq müqavilə bağladı. 10 milyardı "Şahdəniz" yatağından Azərbaycanın hesabına Putinin şirkətinə pay verildi. 10 milyardı da əvəzi olunmayan pul kimi yenə də rusa hədiyyə edildi. Guya Rusiya da bunun qarşılığında bizə hərbi texnikalar verəcək və əsgərlərimizi hazırlaşdıracaqdı. Ancaq heç nə olmadı. Fakt budur ki, prezident seçkiləri ərəfəsində Rusiya bizdən 20 milyard dollar pul qopartdı.
- Sizcə, ÜAK-ın ləğv olunması Azərbaycanda gözlənilən prezident seçkiləri üçün Rusiyanın hazırladığı növbəti ssenaridir?
- Düzdü, növbəti prezident seçkiləri yaxınlaşır. Rusiya bu dəfə hər şeyi tam tərsinə edir. Putin bundan öncəki seçkilərdə azərbaycanlıları gücləndirirdisə, bu dəfə isə azərbaycanlıları zəiflətmək yoluna əl atıb. Konqresi ləğv edir, milyarderlərə qarşı cinayət işi qaldırır və s. Eyni zamanda Rusiya Azərbaycanda da müxalifətdə və ya cəmiyyətdə yeni siyasət aparacaq. Bu da Rusiyanın Azərbaycana təzyiq etməsi üçün başlatdığı siyasətin birinci addımdır, bunun davamı da olacaq. Onu da deyim ki, bu addımların Dağlıq Qarabağda baş verən hadisələrlə bir başa əlaqəsi yoxdur. Əlbəttə ki, Qarabağda ermənilərin hərbi aktivliyi Azərbaycana təzyiq kimi Rusiyanın əlində bir silahdır. Ancaq Rusiyanın qarşıdan gələn seçkilərlə bağlı çox ciddi proqramı var. Bu proqramın birinci bəndi isə ÜAK-ın fəaliyyətini dayandırmaqdır.
- Niyə, məhz, Ümumrusiya Azərbaycan Konqresi?
- Ona görə ki, diasporlar həmin ölkədə öz vətənlərinin maraqlarını müdafiə edən qüvvələr kimi tanınır. Rusiya yaxşı bilir ki, Azərbaycana ciddi təzyiq etsə, orada yaşayan üç milyona yaxın azərbaycanlını və digər müsəlman xalqlarını ayağa qaldıra bilər. Rusiyada 60 milyona yaxın müsəlman və türk yaşayır. Ancaq təşkilatı ləğv edəndən sonra, Rusiya çox asanlıqla daxildəki güclərdən arxayın olub Azərbaycana təzyiq edə bilər. Rusiyanın konqresi ləğv etməkdə yeganə məqsədi budur ki, Azərbaycanda qarşıdan gələn seçkilərə təzyiq göstərsin.
- Bəs, ermənilərin törətdikləri təxribatlar Rusiyanın oyunu deyil?
- Dağlıq Qarabağ Rusiyanın Azərbaycana qarşı son 20-30 ildə, biz müstəqillik əldə etdikdən sonra bu günə qədər istifadə etdiyi kartdır. Bu Sovet hökumətində də, Çar-Rusiyasının vaxtında da, elə indi də belədir. Hətta Jirinovski də dəfələrlə açıq şəkildə deyib ki, "Dağlıq Qarabağda problemi Rusiya yaradıb, bunun ermənilərə heç bir aidiyyatı yoxdur. Rusiyaya aiddir və özü də həll edəcək". Rusiyanın Qafqaz siyasətində ana xətti odur ki, burada erməni dövləti yaratsın, Azərbaycan-Türk birliyinə qarşı erməni dövlətindən istifadə etsin və işğal olunmuş əraziləriöz tərəfində saxlasın.
- Aprel döyüşləri təkrarlana bilər?
- Aprel döyüşləri də təkrarlana bilər. Hətta ondan ağır döyüşlər də meydana çıxa bilər. ABŞ da proqnoz verir ki, Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq.
- ÜAK-ın bərpası mümkündür?
- ÜAK-ın bərpası yalnız və yalnız Azərbaycan Rusiyanın tələbini icra etdikdən sonra mümkün olacaq. O zaman da onun bərpasının heç bir əhəmiyyəti olmayacaq. Konqres hələlik ona görə bərpa olunmur ki, Azərbaycan hökumətinə kömək edə bilməsin. Azərbaycan təslim olduqdan sonra konqresin bərpası artıq formal olacaq.
Gülnarə Eynullaqızı
Sfera.az