"Bu hərəkətlər İrəvanın deyil, Şimal qonşumuzun ərazisindən gələn..." - Ekspertdən reaksiya
20:20 / 18.05.2017
1488
"Cəbhədə vəziyyət sanki havaların isinməsi ilə paralel daha da gərginləşir və "qızışır". Onsuz da biz ermənilərin bütün aylar ərzində "qaşınma xəstəliyinə" tutulduqlarını bilir, istənilən təxribatı və hərəkəti gözləməliyik"
Bu sözləri Sfera.az-a danışarkən hərbi-ekspert Üzeyir Cəfərov deyib.
Ekspertin sözlərinə görə, ermənilər ağıllarını başlarına yığmadıqları üçün layiq olduqları zərbəni aldılar:
"Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfi sərt şəkildə xəbərdar etmişdi. Düşmənin istənilən hərbi obyekti, texnikası və şəxsi heyəti ön mövqelərimizdə yerləşən qoşunlarımıza hər hansı maneçilik və narahatçılıq törədəcəkləri təqdirdə məhv ediləcəklər. Və çox sevindirici haldır ki, düşmən nə qədər öz uğursuzluğunu ört-basdır etmək istəsə də, ordumuzun ortalığa qoyduğu fakt onları daha da rəzil duruma saldı. Ermənistan kasad olan silah və sursatları içərisində köhnə model olmasına baxmayaraq, hələ də bir çox ölkələrdə istifadə olunan OSA ZRK-nı itirdiklərinə görə, çox narahat və qisas hissi ilə yatıb-dururlar. Bizə heç bir narahatçılığı yoxdur, işimiz haqq işidir və heç bir qüvvə mane ola bilməz. Tezliklə düşməni və havadarlarını nəhayət məcbur edəcəyik ki, Azərbaycanın halal haqqına hörmətlə yanaşaraq, Qarabağın işğalçılardan azad olunması barədə tədbir görsünlər. Əks halda bundan sonra gözləməyə nə haqqımız, nə də səbrimiz çatmır".
Üzeyir Cəfərov bildirib ki, düşmən ötən günlərdən başlayaraq ağır silahlardan istifadə etməyə başlayıb:
"Bütün hərəkətləri də ən sərt şəkildə ordumuz tərəfindən cavablandırılır və bundan sonra da cavabları ağır olacaq. Mülki obyekt və yaşayış məntəqələrinə atdıqları çoxsaylı mərmilər də "öz başlarına" dəyib. İndi çoxları çoxlu versiya və fərziyyələr irəli sürməyə başlayıblar. Fikrimcə, bu hərəkətlər İrəvanın deyil, bizim Şimal qonşumuzun ərazisindən gələn sifarişin yerinə yetirilməsinə daha çox oxşayır. Azərbaycanın inkişafını və apardığı müstəqil siyasəti heç cürə həzm etmək istəməyən bəzi xain qüvvələr hələ də problemlər yaratmağa cəhd edirlər. Gah Moskvada RF-nın Ədliyyə Nazirliyi öz təsdiq etdiyi və fəaliyyətinə rəsmi icazə verdiyi ÜAK-nın sənədlərinin guya qaydasında olmaması səbəbindən Ali Məhkəməyə müraciət edərək, bu ən böyük qurumun qeydiyyatını ləğv etdirir. Bunlar deyəsən, əməlli-başlı uzunmüddətli letarqik yuxuya gediblərmiş. Digər tərəfdən, RF XİN-nin sözcüsü M. Zaxarova ənənəvi brifinqdə bu məsələ ilə bağlı yenə "kəllə- mayallaq" fikirlər səsləndirib. Öz ayıblarına özləri utansınlar ki, 10 ildən artıqdır RF üçün çox böyük işlərə imza atmış bir qurumu absurd və gülünc bəhanə ilə ləğv etdirmək istəyirlər. Məhz rəsmi Moskvanın ikibaşlı və qeyri-səmimi davranışlarıdır ki, bizə Qarabağ məsələsinin süni sürətdə uzadılması ilə müşayət olunur. Hələ ki, qərar qanuni qüvvəyə minməyib. Buna görə də rusları hər sahədə peşman etmək lazımdır. Bir qədər fikirlərim sərt və radikal görsənə bilər, amma lazımdır. Qoy bilsinlər ki, biz də öz halal haqqımızı kimliyindən asılı olmayaraq qoruya və müdafiə edə bilirik. Bu məsələlər tezliklə öz yoluna düşəcək".
Qetd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
16 may axşam saatlarından başlayaraq isə gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
Gülnarə Eynullaqızı
Sfera.az