"Ermənistan əlindən gələni edir ki, Azərbaycan..." - Akif Nağıdan açıqlama
14:04 / 18.05.2017
2196
"Bu məsələyə mövqeyimiz fərqlidir. Bizim düşmənimiz Ermənistandır, özümüzə əlavə düşmən qazanmamalıyıq"
Bu sözləri Sfrea.az-a Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın söykənəcəyi ölkələr, yalnız müsəlman ölkələridir:
"Nə Rusiya insafa gəlib bizə dəstək olacaq nə də Qərb ölkələri. Bu söhbətlər müəyyən mərkəzlərdən edilir ki, Azərbaycan-İran münasibətlərinə xələl gətirsin. Bu da Azərbaycanın ziyanınadır. Yalnış hərəkətləri aradan qaldırmaq üçün bu cür qüvvələrə imkan verməməliyik. İranın və digər qonşu ölkələrin Ermənistanla münasibətinin olmamasını istərdik. Ancaq əlaqələrin kəsilməsinə biz heç nə edə biləmərik. Ermənistanın arxasında Rusiya, ABŞ dayanır. Buna qarşı bizim də müttəfiqlərimiz olmalıdır. Onlar əlindən gələni edirlər ki, işğal etdikləri torpaqları rəsmiləşdirsinlər. Torpaqları da geri almağın yalnız bircə yolu var. Azərbaycan müharibəni başlatmalı və işğal altında olan torpaqları azad etməlidir".
Politoloq Fikrət Sadıqov bildirib ki, ermənilər işğal olunmuş ərazilərimizdə özbaşınalıqla məşğuldurlar:
"Bu həqiqətdirsə, buna münasibətimiz mənfidir. Biz İranın Ermənistanla əməkdaşlıq etməsini bilirik. Dəfələrlə İrana iradımızı da bildirmişik. Hətta bir müddət bundan əvvəl notada da vermişdik. Çünki bizə məlum olmuşdu ki, işğal altında olan ərazilərimizdə hansısa layihələr bərpa olunur. Onlar hesab edir ki, Ermənistan qonşu dövlətdir və təhlükəsizlik naminə əməkdaşlıq etmək məcburiyyətindədirlər. Ancaq Ermənistana köməklik göstərmələri yol verilməzdir. Bununla bağlı ciddi tədbir görmək, beynəlxalq strukturlara məlumat vermək və İrana bəyanat şəklində xəbərdarlıq etmək lazımdır".
Qeyd edək ki, Azərbaycanın işğal altındakı Xankəndi şəhəri yaxınlığında yerləşən Əsgəran rayonunun Daşuşen kəndində hündürlüyü 50 metr olan xaç qoyulub.
İran isə Azərbaycanın torpaqlarını işğal etməsinə rəğmən, Ermənistanın iqtisadi çöküşünün qarşısını alan əsas qüvvədir. İranın əsas şirkətləri işğal altında olan Qarabağ ərazisində aktiv fəaliyyət göstəriri, hətta İran qurumları separatçıların maliyyələşməsi üçün yardımlar da ayırırlar.
Gülnarə Eynullaqızı
Sfera.az