"Ərim Afaqı yatağıma saldı, sonra da Günayla..." - Gənc qadının ÜRƏKPARÇALAYAN hekayəsi

Dünyanın ən gözəl və zərif məxluqu qadınlardır. O yerdə ki, qadın nəfəsi varsa, orada istilik, sevgi, qayğı da olar. Hər qadının istəyi və arzusu xoşbəxt olmaqdır. Zaman ötdükcə bəziləri xoşbəxt, bəziləri isə bədbəxt bir ömür sürür. Onlar arasında zorakılığa məruz qalan qadınlar da az deyil. Belələri isə isti yuvalarından didərgin düşüb, "Təmiz Dünya" Qadınlar İctimai Birliyinə sığınırlar. Bura üz tutan qadınların hər birinin özünəməxsus həyat hekayəsi var. 

Qapıda bizi balaca uşaqlar qarşıladı. Ətrafda gərgin ab-hava var idi. qadınların hərəsi isə başını müxtəlif işlərlə qatırdı. Kənardan diqqətimi heç kimə qaynayıb-qarışmayan bir qadın çəkdi. O, iki körpə balasını yanına alıb, ağlaya-ağlaya nəsə danışırdı. Bir qədər sonra onlara yaxınlaşdım. Qadın məni görən kimi tez gözünün yaşını sildi. Uşaqları öpüb, qadınla söhbətə başladım. O əvvəlcə sığınacağa üz tutan sakinlərdən olduğumu zənn etdi. Sonra söhbəti yarımçıq saxlayıb, utandığını bildirdi. Nəsə, xeyli etirazlardan sonra söhbətimiz onun istəyi ilə baş tutdu...

Sfera.az olaraq sığınacağa pənah gətirən 32 yaşlı qadının ağrılı-acılı həyatını oxucularımıza təqdim edirik:  

- Adınız nədir?
- Kəmalə (ad şərtidir- red.)

- Neçə ildir ailəlisən?
- Əslən Bərdəliyəm, iki övlad anasıyam. 14 il ailəli olmuşam. Çox xoşbəxt ailəm var idi, sevib evlənmişdik. Altı il uşağım olmadı, ancaq həyat yoldaşım mənə güldən ağır bir kəlmə də söz demədi. Sonra mərdimazarlıq edən oldu, ailəm dağıldı. 

- Kim mərdimazarlıq etdi?
- On iki il idi ki, evli idik. Həyat yoldaşım Bərdədə restoranların birinə kababçı düzəldi. Orada Afaq adlı fahişə ilə tanış oldu. Hər şey də bundan başladı.
 


Sözünü bitirməmiş kövrəlir və susur...

- Hər şey nə?
-  Həyat yoldaşım orada işlədiyi vaxt Afaq onu yoldan çıxartdı, oda onun tora düşdü. Xaliq (həyat yoldaşı-red.) əvvəl-əvvəl mənə dedi ki, "narahat olma, 2-3 aya bundan ayrılacam". 2-3 ay da iki il oldu. O qadının toruna düşən kişilər hələm-hələm canlarını ondan qurtara bilmirdilər. Çünki kişiləri əldə etmək üçün o hər vasitəyə əl atırdı. Afaqa görə nə qədər döyülmək-söylümək olar? Artıq bezmişdim, dözə bilmirdim. Afaqın adını çəkən kimi Xaliq saçımdan tutub evin içində sürüyür, əl-ayağımı bağlayıb işgəncələr verirdi. Elə bil, fahişə Afaq yox, mən idim.  Ona layiq olan söyüşlər mənə deyilirdi. İşgəncələrdən yorulub boşanmağa qərar verdim. Ancaq boşanmamışdan öncə qaynımgilnən yığışıb Afaqgilə getdik. Düşündük ki, bəlkə rəhmə gəlib Xaliqdən ayrılar, amma tam əksi oldu. O, mənə ərimlə yatdığı yatağı göstərib dedi ki, "Xaliqlə bu yataqda yatıram. Onu sənə verməyəcəm, sənin ailəni dağıdacam". Nəsə, ordan çıxıb gəldik, qaynım uşaqlarla məni öz evinə apardı. Həmin müddət ərzində yoldaşım heç bizimlə maraqlanmadı, çünki Afaq bizi unutdurmuşdu. Sonra qaynımgildən çıxıb nənəmgilə getdim və boşanma ərizəsi yazdım. Boşandım da... Xaliq də biz evdən çıxandan sonra Afaqı evə gətirər. Sonra bunların davası düşər, ərim bundan ayrılmaq istədiyini deyər. Afaq da etməyib tənbəllik elə həmin gecə bunun yastığının altına narkotik qoyub polisə zəng vurar. Elə oldu ki, Xaliq tutuldu, məhkəmənin hökmü ilə üç il azadlıqldan məhrum olundu. Afaq onu tutdurub yarı yolda qoydu. Heç onunla maraqlanmadı da... O yeddi aydan sonra azadlığa buraxıldı. Qaynım gəlib uşaqları 3-4 günlük apardı. Xaliq üç ay uşaqları mənə göstərmədi. Amma Afaqdan da əl çəkmədi. Uşaqlarım orda ola-ola o yenə Afaqı gətirdi. Bunu da qaynımın arvadı mənə xəbər verdi. Mən də  məhkəmə yolu ilə uşaqlarımı geri aldım. Uşaqları alandan sonra Xaliq özü gəldi və məndən şans istədi. Məndə gic kimi bu qədər səhvlərdən sonra ona şans verdim. İki ay yarım bir yerdə yaşadıq. Həmin müddət ərzində onun mənə vermədiyi əzab qalmadı. Afaq hər buna zəng etdikcə, bu da məni alçaldıb əxlaqsız söyüşlər söyürdü. Mənimlə pozğun qadın kimi davranırdı. Təsəvvür edin ki, saçımdan tutub məni aşağı-yuxarı pilləkənlərlə sürüyürdü (hönkürtü ilə ağlayır). Afaq öyrədirdi, oda onun heyfin çıxırdı. O telefonda eşidə-eşidə mənim başımı divara çırpıb, atamı-anamı təhqir edirdi. Üstümə bıçaq çəkib dəfələrlə ölümlə hədələyirdi.

Sonrada özünə təsəlli verir:
- Əslində biz ailəmizi ona görə dağıtmaq istəmirdik. Çünki o qadının toruna yalnız biz yox, bizim kimi nə qədər ailələr düşüb.  

- Sığınacağa niyə gəlmisən?
- Xaliqdən ayrılıb gəldim. Qaynımgil yenə ona şans verməyimi istəyirdi. Mən də qızıma görə istəmirəm ayrılam. İndiki zəmanədə qız uşağını tək başına böyütmək çətindir. Nəsə, yenidən şans vermək istəyirdim ki, rayondan mənə zəng gəldi. Bəs, Xaliq kənddə Günay adlı boşanmış qadınla evlənib. İnanmadım, düşündüm belə bir şey ola bilməz. Axı biz yenidən barışırıq, bu necə ola bilər?... Çox fikirləşdim və Xaliqə zəng etdim. Telefona cavab verən kimi qışqırıb ağlamağa başladı. Mənə də heç nə demədi. Məndə heç özümü o yerə qoymadım. Amma hiss etdi ki, məsələdən xəbərim var. Qaynanam da elçi gedəndə Günaya deyib ki, guya Xaliq 5-6 gündür boşanıb. Günayı da qonşuluqdakı qadın düz-qoş edib. Oda yeməyib, içməyib, gəlib bəzəkli evimə yiyə çıxdı (kövrəlir). Günay da əxlaqsıdır, heç də Afaqdan fərqlənmir. Üç günün içində ərə getmək olar?! 
 


Bizimlə söhbət edə-edə çarəsizcəsinə üzümə baxıb ah çəkir. Udquna-udquna danışır:
- Xaliq Günayla da yatağımı paylaşdı. Amma onun yanında mənə zəng edib deyirdi ki, "gəl barışaq". Məndə Günayı ondan ayırmaq üçün məcbur qalıb razılaşdım. Ancaq şərtimi də kəsdim. Şərtim də bu oldu ki, Günayı atası evinə qaytarsın. Xaliq də dediyimi edib, onu atası evinə göndərdi və guya özü də Rusiyaya çıxıb gedib. Amma yalandır. o, hazırda Bakıdadır. İyirmi gün idi ki, bir yerdə idik. Sadəcə fikirləşdim ki, bizim yerimiz Xaliqin yanında yoxdur və uşaqlarımı da götürüb bura gəldim. 

Doluxsunur, göz yaşına qarışmış burnunun suyunu silir. Məsum baxışları ilə üzümə baxıb davam edir:
- Artıq Xaliqi istəmirəm. Getsin həyatını bildiyi kimi yaşasın. O Afaqa görə nəyinki mənə, hətta qızıma da əxlaqsız söyüşlər söyüb. Qızım Afaqla danışmayıb deyə ona əl qaldırıb. Ata da pozğun qadına görə öz qızının ağzını söyər (ağlayır)?! 

O mənə nə qədər əzab-əziyyət versə də, həqiqətən onun yeri ürəyimdə başqadır. İstəmirəm ona görə ağladığımı, pis olduğumu bilsin. Onun yerin heç vaxt heç kim tuta bilməyəcək. Mən heç vaxt yad kişi ilə ailə qurub Arzunun (qızı-red.) üzünə baxa bilmərəm. Bu səhvi etmərəm. Özüm yetim böyümüşəm, istəmirdim uşaqlarım yetim böyüsün. Bu yolu Xaliq seçdi, mən yox. 
 


- Xaliqə yenə şans verəcəksən?
- Bəli... Çünki mən onu sevirəm. Onu heç kimlə paylaşa bilmirəm (doluxusunur). Neçə gündür burdayam, gözümün yaşı bir an belə qurumayıb. O mənə verdiyi işgəncələri Afaqa danışıb, onu sevindirirdi. Kaş ki, Xaliq də mənə sadiq qalardı. Kaş ki... Amma Xaliq məni Afaqa dəyişdi. Gözüm görə-görə onu yatağıma saldı.

Ətrafdakı aura daha da gərginləşirdi. Söhbəti bitirib sığınacağı tərk etdik. Anacaq oradan ayrılanda beynimdə belə bir düşüncə yaranmışdı: "Qadın bütün əzablara tab gətirən böyük qüvvədir".

Gülnarə Eynullaqızı
Sfera.az
 






OXŞAR XƏBƏRLƏR