\"Rusiyanın məqsədi də budur ki...\" - Millət vəkili

\

Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinə (ÜAK) qarşı keçiriləcək məhkəmə prosesi ilə bağlı bəyanat yayıb. ÜAK-ın ləğvi ilə bağlı məhkəmə prosesi mayın 15-də Moskvada keçiriləcək.


Məsələ ilə bağlı Sfera.az-a münasibət bildirən millət vəkili Asim Mollazadə söyləyib ki, bu, çox haqqsız və beynəlxalq prinsiplərə zidd olan bir addımdır:

"Rusiya bu addımı atsa Azərbaycana qarşı qeyri-dost münasibətini sərgiləmiş olacaq. Prinsipial olaraq çox səhv bir addımdır. Onlar Rusiyada yaşayan azərbaycanlıların hüquqlarını pozmaqla təzyiqlər sərgiləmək istəyirlər. Əgər bu məsələ reallaşarsa, Azərbaycan-Rusiya münasibətləri pozulacaq. Məncə, elə Rusiyanın məqsədi də budur”.

 



Millət vəkili Elman Nəsirovun fikrincə, belə bir addımın atılması strateji xarakterli və Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərinə böyük kölgə salmaqdır:

"Bu təşkilatın yaradılmasında Ulu Öndər Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin böyük xidmətləri olub. Hər iki tərəfin maraq və mənafeinə də uyğun olub. ÜAK 2001-ci ildən bu vaxta qədər Rusiyanın bütün qanunvericiliyinin tələblərinə uyğun olaraq fəaliyyyət göstərib. Eyni zamanda iki dövlət arasında mehriban qonşuluq münasibətlərinin, humanitar əlaqələrin inkişafına və gücləndirilməsinə böyük tövhələr verib. Baş verən bu hadisələr Rusiyadakı müəyyən anti-Azərbaycan siyasi dairələrin, ermənipərəst qüvvələrin bir başa fəaliyyətinin nəticəsidir. Onlar Azərbaycan-Rusiya münasibətlərinin bu cür inkişaf tempinə malik olmasını heç cür həzm edə bilmirlər. Və çalışırlar ki, hər iki tərəfin münasibətlərinə xələl gətirən addımlar atsınlar. Əsas məqsədlərindən biri də ÜAK-ın fəaliyyətinin dayandırlımasıdır. 

Millət vəkilinin sözlərinə görə, Putin çox gözəl dərk edir ki, Azərbaycan hər zaman Rusiya ilə ikitərəfli əməkdaşlığa sadiq qalıb:

"ABŞ başda olmaqla Qərb dövlətlərinin Rusiyanın əleyhinə tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Hətta qoşulmadığına görə Qərb dövlətləri çox saylı təzyiqlər də ediblər.

Bundan başqa, Azərbaycanda Rus icmasının fəaliyyəti yüksək səviyyədə təşkil olunub. Rus icmasının rəhbəri Mixail Zabelin Milli Məclisin millət vəkilidir. Onların təşkilatlanması üçün hər cür şərait yaradılıb. Rusiyanın Liberal Demokrat Partiyasının sədri Dmitri Jirinovski də Bakıda səfərdə olanda dəfələrlə qeyd edib ki, "Azərbaycanda ruslara qarşı unikal yanaşma var”.  Bu addımın da atılması yalnız münasibətlərin korlanması ilə nəticələnəcək”, - deyə  E.Nəsirov vurğulayıb.


Gülnarə Eynullaqızı

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR