İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi

İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib.

Sfera.az xəbər verir ki, Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, təqribən 2000 komanda rəsmisi və texniki nümayəndə iştirak edir.

Yarışlar Bakının ən müasir 16 idman meydançasında 21 idman növü üzrə keçirilir (atletika və paratletika, suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvando, tennis, voleybol, ağır atletika, güləş (yunan-Roma, sərbəst və qadın), uşu və zorxana).

Atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır. Qaliblərə 1600 medal təqdim ediləcək.

Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur - 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.

İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxnövlü idman tədbiridir. İlk Oyunlara 2005-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edib.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən VIII Baş Assambleyasında qəbul olunub.

Sfera.az

OXŞAR XƏBƏRLƏR