“Rusiya Ermənistanın vasitəsilə Cənubi Qafqaza ağalıq edir...” – Politoloq rəyi
Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə yerləşdirilib:
"Ermənistandakı rus bazasının genişlənmə ehtimalı var”.
Məsələ ilə bağlı Sfera.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa söyləyib ki, səfir bu məsələdə Rusiyanın mövqeyini ifadə edib:
"Ermənistan militar və işğalçı dövlətdir. Bu ölkə qonşuları üçün də təhdiddir. Rus ordusunun dəstəyi olmasa, Ermənistan heç bir siyasətini davam etdirə bilməz. Əslində Ermənistanın yürütdüyü siyasət çox iyrəncdir. Onlar özləri də yaxşı bilir ki, əvvəl-axır işğal etdiyi əraziləri geri qaytarmalıdırlar. Vaxt gələcək heç Rusiya da onlara kömək edə bilməyəcək. Çünki işğalçılığın sonu yoxdur”.
Politoloq Zərdüşt Əlizadənin fikrincə, Rusiya bu addımı ilə açıq-aşkar Ermənistanın sərhədlərini qoşunları vasitəsilə qoruduğunu göstərir:
"Hətta bu ölkə ilə gündəlik təmasda olması üçün ora öz bazalarını yerləşdiriblər. Ruslar erməni generallarına, ölkənin daxili və xarici siyasətinə, siyasi sinfinə və iqtisadiyyatına nəzarət edir. İ.Volınkin də əsas fikirlərini gizlətmək üçün öz dilini işə salıb və deyir ki, " rus bazasını Ermənistanda ölkənin təhlükəsizliyini təmin etmək üçün yerləşdirilib”. O, bu çıxışı ilə erməni xalqına və dünyaya səslənir. Ancaq onun əsl fikri budur: "biz Ermənistanı noxtalayıb sürürük və bizim icazəmiz olmada sağa-sola heç bir addım ata bilməz”. Bundan başqa, Rusiya Ermənistanın vasitəsilə Cənubi Qafqaza nəzarət edir və ağalığını qoruyub saxlayır. Bu da onların əsas fikridir”.
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, səfir erməni jurnalistlərin ona verdiyi sualları ikibaşlı cavablandırıb:
"Volınkin Ermənistanın daxili ictimaiyyətinə hesablanmış ciddi bəyanatlar verməyə çalışırdı. Ancaq onun istədiyi kimi alınmadı. O, bu açıqlaması ilə nəyi nəzərdə tutur anlamıram. Volınkin kimdir ki, nəyi də həll etsin?! Ümumiyyətlə, Putin, Lavrov və ya Volınkin Qarabağ ərazisində 102-ci bazanı Azərbaycanın ziddiyyətinə qarşı istifadə edə bilməz. Əks halda Rusiyanın özünün qəstinə gətirib çıxarar. Çünki o bazanın Dağlıq Qarabağa heç bir aidiyyatı yoxdur. Azərbaycan XİN rəhbəri bu məsələyə münasibət bildirsə və ya Rusiyadan izahat istəsə daha yaxşı olar”.
Qeyd edək ki, bundan öncə Ermənistanın Müdafiə naziri Vigen Sərkisyan Ermənistanda yeni rus bazasının açılmasına ehtiyac olmadığını söyləyib.
Gülnarə Eynullaqızı
Sfera.az