Bolqarıstan Prezidenti İlham Əliyevi təbrik etdi

Bolqarıstan Prezidenti İlham Əliyevi təbrik etdi

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2017-ci il iyunun 5-də qeyd olunacaq Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı təbrik ünvanlayıb.

Sfera.az Azərbaycan Prezidentinin Mətbuaat xidmətinə istinadən xəbər verir ki, təbrikdə deyilir:

Bu müddət ərzində dövlətlərimiz və xalqlarımız arasında sabit dostluq münasibətlərinin bərqərar olmasını məmnuniyyətlə qeyd edə bilərik. Bolqarıstan ilə Azərbaycan arasında çox fəal siyasi dialoq, həmçinin müxtəlif sahələrdə qarşılıqlı maraq kəsb edən ikitərəfli əməkdaşlıq yüksək qiymətləndirilməlidir.

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında 2015-ci ildə imzalanmış Birgə Bəyannamə ikitərəfli əlaqələrin fəallaşdırılması ilə bağlı qarşılıqlı istəyi əks etdirir. Qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün geniş perspektivləri nəzərə alaraq Bolqarıstan Azərbaycan ilə münasibətlərə mühüm önəm verir. Bu perspektivlər iyirmi beş illik dialoqumuzun cari il ərzində ən yüksək səviyyədə davam etdirilməsi üçün gözəl imkanlar yaradır.

Ölkələrimiz arasında iqtisadi əlaqələrdə enerji sahəsinin aparıcı rolunu qeyd etmək istərdim. Eyni zamanda, əminəm ki, ticari-iqtisadi münasibətlərin gələcək illərdə inkişafı üçün ciddi potensial mövcuddur.

Ölkələrimizin geostrateji üstünlüklərindən, Avropa ilə Asiya arasında nəqliyyat və enerji dəhlizlərinin yaradılmasında iştirak imkanlarından maksimum istifadə vacib əhəmiyyət kəsb edir.

Münasibətlərimizin potensialına dair xüsusi müsbət nümunə mədəniyyət sahəsində əməkdaşlıqdır. Bu xüsusda, Veliko Tırnovo şəhərinin yaxınlığında yerləşən "Trapezitsa” qalasının mədəniyyət və tarixi irs üzrə ictimailəşmə, bərpa və konservasiyası layihəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlığımı ifadə etmək istərdim.

Bolqarıstan Respublikası Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında dialoqun dərinləşdirilməsi prosesinin dinamikasını müsbət qiymətləndirir və əmindir ki, müzakirəsi bu yaxınlarda başlamış tərəfdaşlıq sazişi Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün yeni üfüqlər açacaq.
Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Respublikasına və onun xalqına inkişaf və firavanlıq, Sizə isə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olun.

Sfera.az


OXŞAR XƏBƏRLƏR