"2017-ci ilə yekun vurarkən yaxşı dinamikanı görəcəyik"

"2017-ci ilə yekun vurarkən yaxşı dinamikanı görəcəyik".

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində yekun nitqində bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Əminəm ki, bugünkü müşavirədən sonra ixrac potensialımız daha da artacaq və biz daxili tələbatı daha çox yerli məhsullarla təmin edəcəyik. Əminəm ki, 2017-ci ilə yekun vurarkən biz yaxşı dinamikanı görəcəyik. Əlbəttə, qeyd etdiyim kimi, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir - həm ərzaq məhsulları, həm də inşaat materialları ilə. Bu istiqamətdə konkret addımlar atılır və atılacaqdır".

İlham Əliyev deyib ki, növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir: "Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. Buna nail olmaq üçün dövlət orqanları ardıcıl fəaliyyət göstərirlər. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlər ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir. Çünki ixracyönümlü məhsullar, eyni zamanda, daxili bazarlarda da asanlıqla öz yerini tapacaq. Bu məsələlərin həllində yerli icra orqanları da fəal iştirak etməlidirlər. Əlbəttə ki, burada əsas yük dövlət qurumlarının üzərinə düşür".

Prezident vurğulayıb ki, Azərbaycanda gözəl investisiya mühiti mövcuddur:

"Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik. Bunun bir hissəsi neft, bir hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Bütövlükdə, Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Mötəbər beynəlxalq qurumlar bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 37-ci yerə layiq görübdür. İl ərzində biz 3 pillə qabağa getmişik. Yəni, bütövlükdə iqtisadi liberallaşma, dərin islahatlar, gözəl investisiya iqlimi və MDB məkanında adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə ön sıralarda olmağımız, əlbəttə ki, xarici və daxili investorları cəlb etmək üçün əlavə şərait yaradır. Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər".


OXŞAR XƏBƏRLƏR