Lüt teleaparıcılar, Fatimənin ətəyində namaz qılmaq, Rasim Balayev və Zaurun videosu - HƏFTƏBECƏR

Lüt teleaparıcılar, Fatimənin ətəyində namaz qılmaq, Rasim Balayev və Zaurun videosu - HƏFTƏBECƏR

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (121-ci say) təqdim edir.

Ötən həftəni yazımızı 60 minə yaxın oxucumuz oxuyub. Söz tapa bilmirəm. İnanın, bəzi televiziya proqramları var ki, bu qədər tamaşaçısı yoxdur və bu, məndən öncə sizin uğurunuzdur. Televiziya demişkən, elə oradan başlayaq.

Xanım teleaparıcılarla bağlı bir müşahidəmi paylaşım. Əslində, bunu siz də müşahidə etməmiş deyilsiniz. Görürsən ki, biri lüt ətcəbala efirə çıxıb. Verilişin axırında deyir ki, geyimimə görə filan dükana təşəkkür edirəm. Adam lütlüyünə görə niyə hansısa dükana təşəkkür etsin ki? Dükana ancaq bir şeyə görə təşəkkür etmək olar - həmin aparıcını soyundurduğuna görə.

Rəqqasə Fatimə son illər xeyli dəyişib. İllər öz sözünü deyir təbii ki. O gün də "Vağzalı"nı bir rəqqasla rəqs edirdi. Doğrusu, rəqqasə Məryəm Süleymanovadan sonra bu rəqsi Fatimənin ifasında görmək pəhriz kimi bir şeydir. Hə, bir də yadıma düşmüşkən onu deyim. Fatiməninin ətəyi o qədər uzun idi ki, az qala əl-ayağına dolaşsın. Aparıcı utanmasa, bəlkə deyərdi ki, icazə verin, ətəyinizdə iki rükət namaz qılım. Bax belə.

Hə, bir neçə kəlmə də şoudan yazan jurnalistlər haqda. Ümumiyyətlə, jurnalist hansısa şou adamının süfrəsinin qırağını kəsdirirsə, onunla çəkdirdiyi fotonu paylaşmağı özünə minnət bilirsə və belə məqamlarda susursa, bunun ən yaxşı halda adı gözükölgəlilik, köləlik ola bilər. Müğənni kimdir ki, jurnalist ona yançılıq eləsin? Bəli, qanuni şərtlərlə əməkdaşlıq etmək olar. Ancaq özünü jurnalist hesab edən şəxs müğənninin telefonuna cavab verib, "bəli, filankəs xanımın köməkçisidir" deməz. Sual oluna bilər ki, niyə ad çəkmirsiniz? Axı hansının adını çəkim?

Müğənni Xatirə efirə sarımsaq yeyib çıxıb, aparıcı Zaur Kamal da onu tənqid edib. Bu xəbərə şərh vermək artıqdır. Düşünün, efir, sənət, mədəniyyət nə günə düşüb ki, sənətçi efirə sarımsaq yeyib gəlir. Hələ yaxşı ki gəlib sarımsağı efirdə yeməyib.

 

Ermənilər Eldar Qasımovun sosial şəbəkədəki səhifəsini oğurlayıblar. Bədxahların mənasız adamlar olduğunu bilirdim, amma bu qədər boş vaxtlarının olmasından xəbərsiz idim. Kimin nəyinə lazımdır axı Eldarın profili?

Rəqqasə Sevda Sanaliyeva: "Adama telefonuna, sürdüyü maşına görə hörmət edirlər". Bəs başqa? Məsələn, ətəyinin yarığına, dodağının silikonuna, budunun yoğunluğuna görə hörmət etmirlər? Elə olmasaydı, sənətçilərin 99 faizi bir-birinə oxşamazdı. Kəs, yapışdır, doldur, doğra, birləşdir... Plastik əməliyyatları deyirəm. Elə bil hamısını bir ata, bir ana əkib-doğub.

Xalq artisti Rasim Balayev illər sonra "Sara" adlı filmə çəkilib. İş burasındadır ki, ekran işi komediya janrında olmadığından filmə gedib baxan yoxdur. Rejissor Elvin Əhmədov da deyib ki, filmin Azərbaycanda yayımına qadağa qoyulacaq və başqa ölkələrə satılacaq. Doğrudanmı, bu qədər qeyri-səmimiyik? Axı özgə vaxt hamı deyir, Rasim Balayev kimi sənətkarlarımız kənarda qalıb, ögeylik var, çəkmirlər və sair. Çəkilib də, gedin baxın.

"Toppuş bacı" kimi tanıdığımız aktrisa Tünzalə Əliyeva deyib ki, həyat yoldaşı nə istəsə, gecə saat dörd də olsa, durub bişirir. Bərəkallah. Amma bunu xüsusi özəllik kimi göstərməyə gərək varmı? Bəlkə yoldaşın gecə saat dörddə gedib kiminsə həyat yoldaşını oyatmalıdır ki, ay xanım, zəhmətdən keçib, bir yemək bişir yeyək?!

Rejissor Kənan M.M deyib ki, paltarlarını bəzən "20 Yanvar" metrosunun keçidindən alır. Bu da yekəxana, eqoist bildiyiniz Kənan. İndi görüm belə bir açıqlamanı "Sədərək"dən geyinib (yeri gəlmişkən, mən də oradan geyinirəm) "bunu Avropadan almışam" deyən hansısa sənətçicik etiraf edərmi? Etməz. Bilirsiniz niyə? Çünki toy sahibinə babat qiymət deyə bilməz elə etirafdan sonra.

Aparıcı Zaur piyada gedərkən video çəkib və bildirib ki, bayaqdan hamı salam verir, ancaq heç kim maşını saxlayıb hara getdiyini, kömək lazım olduğunu soruşmur. Etiraf etmək lazımdır ki, Zaur tanınmış aparıcıdır. Amma sevilmək bir az başqa şeydir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR