Nardaranda polislə qarşıdurma - Yaralanan var
Dünəndən başlayaraq Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlar davam etdirilir. Keçirilən xüsusi əməliyyat zamanı bir nəfər polisə müqavimət göstərərkən yaralanıb.
Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, Nardaran sakini Əbülfəz Hacıbala oğlu polisə daş atıb. Polis məcburiyyət qarşısında müqavimət göstərən şəxsi ayağından yaralayıb.
Qeyd edək ki, ötən gün saat 08:00-da vətəndaşların hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.