Türkiyəyə ikiqat zərbə: Rusiya bu layihələrdən imtina etdi
Rusiya “Türk axını” qaz kəməri və “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi üzrə Türkiyə ilə danışıqları dayandırıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “İnterfaks” agentliyi bildirib.
“Sanksiyaların altına Rusiya qazının çatdırılması düşmür və bu, müqaviləyə uyğun olaraq həyata keçiriləcək”, - agentliyin həmsöhbəti deyib.
Qeyd edək ki, dekabrın 1-də Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyə barəsində iqtisadi sanksiyaları konkretləşdirən qətnaməni imzalayıb. Qətnamədə 2016-cı ili 1 yanvar tarixindən Türkiyədən idxalına qadağa qoyulan kənd təsərrüfatı məhsulları, xammal və ərzaqların siyahısı təsdiq edilib. Lakin sənəddə “Türk axını” qaz kəməri və “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi üzrə layihələr xatırlanmayıb.
Amma dekabrın 1-də Dövlət Dumasının energetika komitəsinin üzvü Yuri Lipatov bildirib ki, 2016-cı il federal büdcəsində “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinə vəsaitin ayrılması nəzərdə tutulmayıb.
Türkiyə və Rusiya “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi haqqında müqaviləni 2010-cu ildə imzalayıb. Müqavilə 1200 meqavatt gücündə dörd enerji blokunun qurulmasını nəzərdə tutur. Rusiya layihəsi üzrə tikiləcək stansiya Türkiyədə istehlak edilən elektrik enerjisinin 17 faizini ödəməli idi. Stansiyanın birinci blokunun 2020-ci ildə istismara verilməsi planlaşdırılmışdı. Layihənin ümumi qiyməti 22 milyard dollar qiymətləndirilir. Rusiya layihəyə artıq 3 milyard dollar sərmayə qoyub.
Ukraynadan yan keçən “Türk axını” qaz kəməri layihəsi barədə razılaşma isə Rusiya prezidenti Vladimir Putinin Ankaraya 2014-cü il dekabrında etdiyi səfərində əldə olunmuşdu.