"Qazaxıstan və Azərbaycan əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirirlər"
"Qazaxıstan və Azərbaycan əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirirlər".
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bizim ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var. Bu il biz dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmasının 25 illiyini qeyd edirik, hərçənd xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixi yüzilliklərlə hesablanır. Bu tarix həmişə dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək tarixi olub".
İlham Əliyev bildirib ki, bu gün Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir: "Nursultan Abişeviçin bugünkü səfəri, apardığımız danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcudluğunu sübut edir. Biz qarşılıqlı siyasi fəaliyyəti fəal inkişaf etdirir, həm rəsmi səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində çox tez-tez görüşürük. Söhbət etmək və münasibətlərimizin inkişaf yollarını müəyyənləşdirmək üçün həmişə vaxt tapırıq. Biz beynəlxalq strukturlarda fəal əməkdaşlıq edir, bir-birimizə həmişə qarşılıqlı dəstək oluruq. Bu da bizim münasibətlərimizin səmimiliyinin yaxşı göstəricisidir. Fürsətdən istifadə edərək, bir daha Nursultan Abişeviçi və bütün qardaş Qazaxıstanı dünya siyasətinin ali strukturuna - BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Bu, dünya ictimaiyyətinin Qazaxıstana münasibətinin göstəricisi, Qazaxıstanın uğurlarının, eləcə də onun beynəlxalq və qlobal işlərdə rolunun tanınması deməkdir. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Qazaxıstanın fəaliyyəti sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönələcək. Əminəm ki, bu qurumda onun işi uğurlu olacaq. Həmçinin Azərbaycanın təmsil olunmadığı beynəlxalq strukturlarda Azərbaycanı dəstəklədiyinizə görə təşəkkür etmək istərdim".
Prezident əlavə edib: "Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən Nursultan Abişeviçə nizamlanma məsələsində indiki vəziyyət barədə məlumat verdim. Bizim mövqeyimiz indicə imzalanmış Birgə Bəyannamədə də əksini tapıb. Mən bu mövqeyə görə minnətdaram. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır. Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan Bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir. Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Bu, həmçinin Qazaxıstanın ölkəmizə münasibətinin təcəssümüdür.
Biz bu gün ticari-iqtisadi inkişafa dair məsələləri siyahı üzrə birbaşa müzakirə etdik və əmtəə dövriyyəsini sürətlə artıra biləcəyimiz mövqeləri müəyyənləşdirdik. Əmtəə dövriyyəmizdə artım olsa da, bu, bizim nə potensialımızı, nə də niyyətlərimizi əks etdirə bilməz".
Azərbaycan Prezidenti vurğulayıb ki, buna görə də gələn ay hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb: "Artıq konkret olaraq müzakirə etdiyimiz bəndlər üzrə prezidentlərin göstərişləri, ölkələrimizin ixrac mövqeləri nəzərə alınmaqla qısa müddətdə əmtəə dövriyyəsini, daha dəqiq desək, qarşılıqlı ixracı artırmağa imkan verəcək sənədlər hazırlanıb qəbul edilməlidir. Bunun üçün hər cür imkan var.
Mən, həmçinin çox şadam ki, Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb və Aktauda logistika mərkəzinin açılışı və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası bizim ticari-iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə yönəldilmiş investisiyalarımızın nümunəsidir. Qazaxıstan bazarı bizim üçün böyük maraq doğurur. Bir daha demək istəyirəm ki, biz Qazaxıstana ixrac edə biləcəyimiz və oradan idxal edə biləcəyimiz mövqeləri bənd-bənd konkret müzakirə etdik. Həmçinin müasir texnika əldə olunması ilə əlaqədar iri layihələri müzakirə etdik. Biz Qazaxıstandan müasir nəqliyyat vasitələri, teplovozlar, elektrovozlar alırıq. Mən, həmçinin Nursultan Abişeviçə bütün gəmi növləri, tankerlər, bərələr istehsal edən bizim Bakı gəmiqayırma zavodunun potensialı barədə məlumat verdim. Biz özümüz sifarişlər yerləşdiririk və həmçinin bu müasir müəssisənin imkanlarından istifadə etməyə Qazaxıstan şirkətlərini də dəvət edirik".
İlham Əliyev deyib ki, tranzitlə əlaqədar məsələlər həm məhdud tərkibdə söhbət çərçivəsində, həm də ölkələrimizin nəqliyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə bu gün çox geniş müzakirə olundu: "Çox böyük potensiala malikik və yaxın vaxtlarda bu potensial bütünlüklə işə düşəcək. Biz bu il Asiyadan Avropaya və Avropadan Asiyaya bizim ərazimizlə daşımaların vaxtını əhəmiyyətli dərəcədə azaldacaq Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşəcəyini gözləyirik. Qazaxıstanda da, Azərbaycanda da bütün lazımi infrastruktur yaradılıb. Həmçinin məmnuniyyətlə qeyd edildi ki, bir neçə gün əvvəl artıq yeni Kurık limanından Azərbaycana ilk yük göndərilib və bu da, həmçinin potensialın göstəricisidir. Bu, müəyyən dərəcədə test yükü idi. Əminəm ki, bu, iqtisadi baxımdan çox səmərəli olacaq. Biz, həmçinin qeyd etdik ki, son bir ildə Azərbaycandan və Qazaxıstandan qonşu dövlətlərə yüklərin tranziti əhəmiyyətli dərəcədə, bəzi mövqelərə görə isə hətta 8 dəfə artıb. Əlbəttə, bunun üçün təkcə infrastrukturlar kifayət deyil, hərçənd, bunsuz mümkün də deyil. Biz Şərq-Qərb yolunun üstündə yerləşən bütün dövlətlərin tariflərinin endirilməsi və eyniləşdirilməsi üzərində çox fəal işləyirik. Bu gün bizim verdiyimiz tapşırıqlar bu yolu həm xeyli qısaldacaq, həm də iqtisadi baxımdan cazibədar edəcək".
Dövlət başçısı neft əməliyyatları, tranziti sahəsində əməkdaşlığın da müzakirə olunduğunu bildirib: "Biz, həmçinin necə irəli gedə biləcəyimizi dəqiq başa düşürük. Başqa sözlə, bütün ticari-iqtisadi, tranzit, nəqliyyat, enerji məsələləri bloku çox geniş müzakirə olundu, özü də konstruktiv və müfəssəl. Buna görə biz yaxın vaxtlarda yaxşı nəticələr gözləyirik. Əlbəttə, humanitar sahədə əməkdaşlıq da müzakirə olundu. Biz bu əməkdaşlığın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdirmişik. Eləcə də gənc nəslin biri-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin yaxınlaşması məqsədilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq".