Ödənilməyən kreditlər deputatları narahat edir: “Böyük dəyişiklik gözlənilir”

Ödənilməyən kreditlər deputatları narahat edir: “Böyük dəyişiklik gözlənilir”
"Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. 

Sfera.az xəbər verir ki, bunu cebhe.info-ya açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputatın sözlərinə görə, martın 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında "Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. O bildirib ki, qanunun mahiyyəti ödəmə qabiliyyətini itirmiş bankların problemlərinin həll edilməsi üçün qanuni bazanın yaradılmasıdır:

"Ümumilikdə "Banklar haqqında” və "Mərkəzi Bank haqqında” qanuna, eləcə də Mülki Məcəlləyə bir sıra dəyişikliklər edildi. Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla əlaqədar geniş iş aparıb. Həmçinin, pulu sığortalanmış banklarla, o cümlədən xarici maliyyə qurumları ilə müəyyən məsləhətləşmələr olub. Bu qanun layihəsi təqdim olunub. Dəyişiklikləri İqtisadi Siyasət Komitəsində qəbul edib, Milli Məclisin iclasına tövsiyə olunub. Hazırda "Banklar haqqında” qanuna çox böyük dəyişikliklər gözlənilir. Milli Məclisin növbəti iclasında yeni dəyişikliklər ediləcək. Burada bankların vəziyyəti, kreditlər və sair kimi məsələlər müəyyən qədər öz həllini tapmalıdır”.

Vahid Əhmədov problemli kreditlərlə bağlı məsələnin də gündəliyə salındığın deyib:

"Maliyyə Bazarlarına Nəzarət Palatası bu işlə məşğuldur. Orada müəyyən qədər restruktizasiya əməliyyatları həyata keçirirlər. Gözləyək görək nəticəsi necə olacaq. Yəni, problemli kreditlərin həcmində azalma olub-olmadığını gözləyirik”.

Problemli kreditlərin həcmində dəyişikliklərə gəlincə, komitə üzvü yeni məlumatlarla tanış olmadığını deyib:

"Əvvəl problemli kreditin həcmi 1.5 milyard manat idi. Son zamanların həcmdə nəyin dəyişib-dəyişmədiyini deyə bilmərəm”.

OXŞAR XƏBƏRLƏR