Deputat Mehriban Əliyeva: minlərlə insanın həyatını dəyişmiş 12 il
Qədim dövrlərdən bəri bu günümüzədək insan cəmiyyətini inkişaf etdirən ideyaları iki aparıcı fəlsəfi anlayış hərəkətə gətirib: Xeyir və Şər.
Nəyin xeyir, nəyin şər hesab olunması haqqında mülahizələri və onların arasında balansı müəyyən edən hüdudlar bu gün mənəviyyat adlanır. İnsanlar və hətta bütün dövlətlər və ideologiyalar isə dünyanın bu iki mütləq anlayışa aid etdiyi meyarlarla qiymətləndirilir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanda idealları xeyir, mərhəmət və insanlara yardım olan siyasətçinin təcəssümü oldu. Onun sayəsində minlərlə insan çətin vəziyyətdə ümidlə əhatə olunub və zəruri kömək əldə edib.
2005-ci ildə Azərbaycanda növbəti parlament seçkiləri keçirildi. Ekspert və müşahidəçilərin diqqəti 14 saylı ikinci Xəzər seçki dairəsinə yönəlmişdi. Onlarla digər dairədə olduğu kimi, burada da ölkə vətəndaşları parlamentə öz nümayəndələrini seçirdilər. Bu seçki dairəsinə bu cür diqqət sadə şəkildə izah olunurdu: namizədlərdən biri ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva idi. Onun seçkilərdəki uğuru heyrətləndirici idi: Bakının Xəzər rayonunun sakinlərinin 90 faizdən çoxu Mehriban Əliyevaya etimad göstərərək ona həmin dairəni Milli Məclisdə təmsil etmək hüququ verdi. Mehriban Əliyeva öz misilsiz ictimai və siyasi fəaliyyəti ilə xalqın seçilmiş nümayəndəsinin, yəni vəzifəsi ilə ona etimad göstərən insanların maraqlarının müdafiəsində dayanan, onların problemlərinin həllinə kömək edən şəxsin təcəssümünə çevrildi. Seçicilər gördü ki, onların qayğıları ilə maraqlanan deputat necə ola bilər və necə olmalıdır. Sadə nümunə gətirmək kifayətdir.
2006-cı ilin sentyabrı. Birinci xanım, deputat Mehriban Əliyeva Bakının o zaman Əzizbəyov adlanan rayonunda bir sıra təhsil müəssisələrinə baş çəkdi, Zirə qəsəbəsindəki 122 saylı yeni orta məktəbin açılışında iştirak etdi. Bu gün, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət, eləcə də Heydər Əliyev Fondunun çoxsaylı layihələri sayəsində ölkədə yüzlərlə məktəb və uşaq bağçasının tikildiyi və təmir olunduğu bir vaxtda Zirə qəsəbəsində həmin məktəbin Birinci xanım tərəfindən açılmasına qədər birinci sinif şagirdlərinin qonşu Pirallahı qəsəbəsindəki məktəbə getməyə məcbur olması təəccüblü gələ bilər. Məhz Mehriban Əliyeva sayəsində bu gün müasir Azərbaycanda bu cür vəziyyəti təsəvvür etmək mümkün deyil. 2006-cı ildə yeni məktəbə getmiş həmin şagirdlər artıq Azərbaycanın təhsil alan, işləyən, ailə quran vətəndaşlarıdır. Uşaqlarının bu illər ərzində rahat şəkildə təhsil aldığı Zirə və Bakının digər qəsəbə sakinlərinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya nə dərəcədə minnətdar olduqlarını təsəvvür etmək mümkün deyil.
Əlbəttə, Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyəti təkcə Xəzər rayonu ilə məhdudlaşmır. Mehriban Əliyeva öz fəaliyyəti ilə əfv etmək, humanizm, insanlara sevgi bacarıqlarını təcəssüm etdirərək insanları tez-tez yaxşılıq etməyə çağırır. Təsadüfi deyil ki, məhz birinci xanımın təşəbbüsü ilə Azərbaycanda dördüncü dəfə genişmiqyaslı amnistiya elan olundu. 2016-cı ildə Milli Məclis tərəfindən təsdiqlənmiş bu akt Respublika Gününə həsr edilmiş və 10 min məhbusa şamil edilmişdi. 3500-ə yaxın məhbus azadlığa çıxmış, qalanlarının cəzaları yüngülləşdirilmişdi. İlk dəfə Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya 2007-ci ildə elan olunmuşdu və 7 mindən çox insana şamil edilmişdi. 2009-cu ildəki amnistiya 9 min vətəndaşa aid olunmuşdu. 2013-cü ildə geniş amnistiya ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş və 9 min məhbusu əhatə etmişdi.
Sonuncu amnstiya aktı ilə əlaqədar parlamentdə çıxışı zamanı deputat Mehriban Əliyeva vurğulayıb ki, hər bir insan bağışlanmağa layiqdir:
"Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyət - harada ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək mümkündür ki, o cəmiyyət inkişaf etmiş və uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil, mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etmək tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz onlara yenidən cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik".
Məhz Mehriban Əliyeva Azərbaycanın ən böyük humanitar və xeyriyyə təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti kimi hamıdan yaxşı bilir ki, xeyirxahlıq etmək necə də böyük bir işdir.
Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Fond tez-tez problemlər girdabına düşən, yardım edəcək bir kimsəsi olmayan insanların son ümid yeri olur. Birinci xanım bu məsələlərə diqqətsiz qalmır: Bakının Nizami rayonunun uşaq evinin yetirmələri olmuş Yasəmən və İbrahim Abzotovların məhəbbət hekayəsini xatırlamaq kifayətdir. Bu gənc adamlar üçün Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Fond əsl nağılı reallaşdırdı. Birinci xanım Mehriban Əliyeva bütün ölkədə uşaq evləri və internatların abadlıq işlərini diqqət mərkəzində saxlayır. Bu dəstək, ilk növbədə, bu müəssisələrin yetirmələrini əhatə edir. Fond bu uşaqlara uşaq evlərindən ayrılmasından sonra da təhsil almaları, iş tapmaları və ev əldə etmələrinə yardım edir. Yasəmən və İbrahim Abzotovla da məhz bu cür oldu. Fond gənclərə təhsil və işlə bağlı yardım etdi. Amma gənc ailə təsəvvür də edə bilməzdi ki, Fond onların ən gözəl arzusunu reallaşdıracaq və toylarını təşkil edəcək. Birinci xanım Mehriban Əliyeva gənclərə xoşbəxtlik və ailə səadəti arzuladı, onun adından toy hədiyyəsi olaraq gənclərə avtomobil təqdim edildi.
Bu iki gəncin məhəbbət hekayəsi və xoşbəxt sonluq yalnız bir nümunədir. Bütün Azərbaycandan Fonda və şəxsən Mehriban Əliyevaya minlərlə təşəkkür məktubu gəlir. Bu insanlara birinci xanım bu və ya digər şəkildə yardım edib. Öz çoxşaxəli fəaliyyətində Azərbaycanın birinci xanımı Azərbaycan cəmiyyətindəki insansevərlik, humanizm, xeyirxahlıq, digərlərinin problemlərinə diqqət kimi ənənəvi dəyərləri rəhbər tutur.
Ötən 12 il ərzində deputat Mehriban Əliyevanın səyləri və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun iştirakı ilə böyük quruculuq işləri həyata keçirilib. Onlarla məktəb, uşaq bağçası, internat və digər müəssisələr əsaslı təmir olunub. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deputat qismində fəaliyyətinin yekunlarından bəhs edən birinci xanım Mehriban Əliyeva qeyd edib:
"Mən çox şadam ki, bu illər ərzində biz Xəzər rayonunun inkişafı üçün bir çox işlər görmüşük, bir çox nailiyyətlər əldə etmişik. Qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəbi təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid, qəsəbələrin yolları yenidən qurulub, elektrik xətləri, qaz boruları çəkilib. Ümumiyyətlə, qəsəbələrin inkişafı üçün böyük işlər görülüb. Təbii ki, bu işlər, ümumiyyətlə, ölkədə aparılan quruculuq, abadlıq, islahatlar prosesinin tərkib hissəsidir. Amma mən Xəzər rayonunun deputatı olaraq, sizinlə bərabər hər zaman çalışmışam ki, irimiqyaslı layihələrlə yanaşı, insanlarla ünsiyyətdə olum, onların problemlərini eşidim, onları narahat edən məsələləri aradan qaldırmaq üçün əlimdən gələni edim".
Mehriban Əliyeva yerli sakinlərin qeyd-şərtsiz dəstəyi ilə üç dəfə - 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. Sadə vətəndaşlar öz səsləri ilə birinci xanıma dəstəklərini və gördüyü işlərə görə minnətdarlığını bildirir. Mehriban Əliyevaya yönəlmiş ümumxalq məhəbbəti və dəstəyi onun xalqı üçün gördüyü heyrətamiz miqyasda işlərin nəticəsidir. Məhz buna görə bütün Azərbaycan xalqı Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması xəbərini böyük sevinclə qarşıladı. Təhlükəsizlik Şurasının iclasında artıq yeni vəzifədə çıxış edən Mehriban Əliyeva qeyd etdi ki, öz gələcək fəaliyyətini məhz mərhəmət, xeyirxahlıq prinsipləri üzərində quracaq, öz ölkəsinin və xalqının maraqlarını hər şeydən üstün tutacaq.
Mehriban Əliyeva yorulmaz və fədakar fəaliyyəti ilə göstərir ki, gündəlik həyatda insansevərlik, mərhəmət, qarşılıqlı hörmət və xeyirxahlığı unutmaq lazım deyil, əksinə bu dəyərlərlə ən böyük qələbələri əldə etmək, ən yüksək zirvələri fəth etmək olar.