Apreldə Azərbaycanı nə gözləyir?
Cəmiyyət
12:02 / 06.03.2017
631
Aprel ayında baş vermiş "Dördgünlük müharibə"dən təxminən bir il keçsə də, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanması üzrə danışıqlar yenidən dalana dirənib. Son vaxtlar Azərbaycan-Ermnistan qoşunlarının təmas xəttində gərginliyin artmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin bu problemə diqqəti azalıb. Qarabağdakı son döyüşlər də göstərir ki, münaqişənin sülhdən çox hərb yolu ilə həlli daha realdır.
Son zamanlarda Azərbaycan üçün iki əlverişli amil yaranıb. ABŞ-da erməni diasporu çox zəifləyib. Hillari Klinton erməni diasporu üçün əvəzsiz namizəd idi… erməni diasporu ənənəvi olaraq demokratlarla daha çox bağlı olur. Onların ən azı iki nüfuzlu namizədi - Mark Kirk və Bob Doul vəzifələrini itiriblər. Bu isə o deməkdir ki, Ermənistana Qarabağ dəstəyi verən xarici qüvvələrin mövqeyi sarsılıb.
"Qaynar" istipress-ə istinadən xəbər verir ki, bu barədə "Vestnik Kavkaza” saytına müsahibəsində rusiyalı politoloqlar Aleksandr Karavayev, Oleq Kuznetsov və Andrey Yepifantsev bildiriblər.
"Şimal-cənub” siyasi mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev bildirib ki, Rusiya "İsgəndər” zenit raket komplekslərini Ermənistana satması ilə regionda silahlanmada balansı qoruyub saxlamağa çalışır.
"Qarabağda döyüş toqquşmalarında fasilə yaranacaq. Lakin bu fasilə növbəti genişmiqyaslı hərbi əməliyyatların baş verməsinə qədər davam edəcək. Bunun nə qədər davam edəcəyi bilinmir. Aydın olan budur ki, mütəmadi lokal döyüşlər olacaq, kəşfiyyat-diversiya qrupları iş başında olacaq, snayper döyüşləri davam edəcək”, - ekspert bildirib.
Siyasi şərhçi, tarix elmləri namizədi Oleq Kuznetsov isə bildirib ki, payız aylarından sonra Ermənistanın danışıqlar masasından yayındığının şahidi olduq. İrəvanın danışıqları deyil, gərginliyi artırmaq yolunu seçməsinin kuliminasiya nöqtəsi ötən ay Dağlıq Qarabağda keçirilən "referendum” oldu. Bu geriyə dönüşü olmayan addımdır. Çünki rəsmi Bakı terrorçu "Artsax”la (Dağlıq Qarabağ – red.) heç vaxt danışıqlar aparmayacaq. Bunu birmənalı şəkildə mərhum prezident Heydər Əliyev və indiki prezident İlham Əliyev də dəfələrlə bəyan edib. Bundan sonra yalnız müharibə. Rəsmi İrəvanın günahı ucbatından Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli şansı qalmadı”, - Oleq Kuznetsov bildirib.
Siyasi müşavir bundan sonra Qarabağda lokal döyüşlərin sayının artacağını, hətta cəbhədə aviasiya qüvvələrindən istifadə olunacağını qeyd edib.
Aprel döyüşlərindən sonra Azərbaycanın öz mövqeyini möhkəmləndirdiyini deyən rusiyalı politoloq Andrey Yepifantsev bildirib ki, bu il Bakının Qarabağ üçün səsləndirdiyi maksimum Qarabağ ətrafındakı rayonların şəksiz qaytarılması və Qarabağın özü üçün Azərbaycanın tərkibində geniş muxtariyyət verilməsi barədə olub. Bu variantı Bakı artıq uzun müddətdir ki, səsləndirir.
Politoloq Ermənistanın belə davranmasına şəraitin ATƏT-in Minsk qrupu tərəfindən yaradıldığını vurğulayır: "Ermənistan əlverişli mövqedədir: heç kim ona təsir etmir və nəinki güzəştlərə, həm də BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etmir. O, nümayişkaranə şəkildə onları yerinə yetirmir, buna görə ona heç nə etmirlər".
Yepifantsev bunun səbəblərini açıqlayır: "Rusiya Ermənistanın strateji müttəfiqidir və onun tərəfini maksimum tutur. Fransa və Amerikada çox güclü erməni diasporu var, Amerikada hətta hökumətə təsir göstərmək imkanı var. Bu üç ölkə ATƏT-in Minsk qrupunun həmsədrləridir".