Azıx mağarasını qazanlar barəsində irəli sürülən İTTİHAMLAR

Azıx mağarasını qazanlar barəsində irəli sürülən İTTİHAMLAR

İnterpolun Ermənistandakı mərkəzi bürosu Azərbaycanın quruma üzv dövlətlərə ünvanladığı sorğunu aldığını bəyan edib.

Sfera.az report-a istinadən xəbər verir ki, bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sənəddə 2016-cı ildə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində bir qrup erməni və əcnəbi elmi işçinin qanunsuz olaraq qazıntı işlər apardığı və onlar barəsində beynəlxalq axtarış elan olunduğu vurğulanıb.

Xəbərdə bildirilib ki, onlar Azərbaycan Respublikası (AR) Cinayət Məcəlləsinin 116.0.8-3 (mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə; mədəni sərvətin bilavasitə qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə), 165.2.2. (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma, . qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 183.2.1.(xüsusi dəyəri olan əşyaları talama, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 183.2.2. (təkrar törədildikdə), 218.2 (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318. (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, AR Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edən şəxslərlə bağlı İnterpola sorğular göndərilib.
Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil edərək qondarma rejimi təşviq etməyə cəhd göstərir, işğal altındakı ərazilərimizin maddi-mədəni irsini və təbii sərvətlərini talan edir, iqtisadi və digər qanunsuz fəaliyyətləri həyata keçirir. Təəssüflər olsun ki, bir sıra ölkələrin vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Azərbaycan Respublikasının qanunlarına zidd olaraq, eləcə də Azərbaycanın və vətəndaşlığını daşıdığı ölkələrin rəsmi xəbərdarlıqlarına məhəl qoymadan Ermənistanın təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə cəlb olunurlar. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bu kimi əməllərə cəlb etdiyi əcnəbi vətəndaşlara münasibətdə Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq zəruri hüquqi addımlar atılır.

 

Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin "Azox layihəsi"nin direktoru Tanya Kinq (Tania King) və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun (Peter Andrews) işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında 2002-ci ildən etibarən arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyinin, Böyük Britaniyanın Qaluay Universitetinin, "Armenian General Benevolent Union"un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb. Həmin fəaliyyətin Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq humanitar hüququnun normalarına uyğunluğu hazırda araşdırılır. İttiham üçün əsaslı şübhələr olduğundan həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək, barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib.

Azərbaycan Respublikası öz suverenliyi və ərazi bütövlüyünün pozulması hallarına yol verilməməsi, eləcə də vətəndaşlarının hüquq və qanuni maraqlarını qorumaq məqsədilə bu kimi qanunazidd fəaliyyətə cəlb edilmiş əcnəbi şəxslərə qarşı münasibətdə zəruri və qəti addımlarını bundan sonra da atacaq.


OXŞAR XƏBƏRLƏR