"Günəşli"dəki qəza ilə bağlı Dövlət Komissiyası müşavirə keçirdi - Özəl görüntülər - VİDEO
Cəmiyyət
18:23 / 07.12.2015
980
Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının üzvləri bu gün Baş Nazir Artur Rasızadənin sədrliyi ilə qəragahda müşavirə keçiriblər. Müəyyən müzakirələr aparılıb.
Komissiyanın iclasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, baş prokuror Zakir Qaralov 4-7 dekabr tarixlərində itkin düşənlərin axtarışı və xilasetmə, hadisənin baş verməsi səbəblərinin və şəraitinin araşdırılması istiqamətləri üzrə aparılan tədbirlər haqqında hesabat veriblər. İclasda qarşıda duran təxirəsalınmaz məsələlər, habelə qəza nəticəsində zərər çəkən şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardımların göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, hadisə rayonunda ekoloji vəziyyətin monitorinqinin təşkili məsələləri müzakirə edilib.