Pakistan mətbuatı Xocalı soyqırımdan yazdı - FOTO

Pakistan mətbuatı Xocalı soyqırımdan yazdı - FOTO

Pakistanın "Election Times" qəzetində və elektron portalında "Xocalı soyqırımı və Dağlıq-Qarabağ münaqişəsinin həlli" sərlövhəli məqalə dərc olunub.

Sfera.az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə Xocalı soyqırımının XX əsrin ən qanlı və mənfur hadisələrindən biri olduğu qeyd olunur və hadisə nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 70 yaşlı və 83 uşağın qətlə yetirildiyi vurğulanır, Xocalı soyqırımının Ermənistanın işğal siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılır. Müəllif həmçinin, cari il fevralın 20-də işğal olunmuş ərazilərdə keçirilmiş qeyri-qanuni referendumun Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qətiyyətlə pisləndiyini bildirir, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazinin adının dəyişdirilməsi cəhdinin Ermənistanın təxribatı olduğunu, bu ölkənin münaqişənin həllində maraqlı olmadığını və status-kvonu möhkəmləndirməyə çalışdığını vurğulayır. Eyni zamanda, BMT-nin qurumları tərəfindən Ermənistanın təcavüzünü pisləyən və işğalçı qoşunların Azərbaycan ərazilərini tərk etməsini tələb edən müvafiq qətnamələrin qəbul olunduğunu xatırladır.

Məqalədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən yenidənqurma işlərinə də toxunulur və Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin həmin kəndi zayarət etdikləri qeyd olunur.

Müəllif münaqişənin həlli prosesi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin sülh prosesinə heç bir töhfə vermədiyini, bəzi hallarda isə əksinə prosesə zərər vurduğunu qeyd edir. O, ABŞ-ın yeni seçilmiş prezidenti D.Trampın münaqişənin həllinə öz töhfəsini verə biləcəyini və bunun üçün Rusiya prezidenti ilə sıx işləməli olduğunu diqqətə çatdırır.

Sonda, Pakistanın bu məsələdə Azərbaycana verdiyi dəstək və Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanımaması vurğulanır, bu yaxınlarda Pakistan Milli Assambleyasının Xarici İşlər Komitəsi tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Xocalı soyqırımını pisləyən, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq birlik tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində bir daha tanıyan qətnamənin qəbul olunduğu nəzərə çatdırılır.


OXŞAR XƏBƏRLƏR