Bəşər Əsəd Trampı haqlı sayır

Bəşər Əsəd Trampı haqlı sayır

"Donald Trampın qaçqınların qəbulunun dayandırılması ilə bağlı fərmanı ekstremistlərə qarşıdır, sadə vətəndaşlara yox".

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Fransanın "Europe-1" radiostansiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, fərman Qərbə keçmək istəyən terrorçulara qarşıdır: "Bu, artıq baş verib. Biz Avropada baş verənlərin şahidiyik. Məsələn, Almaniyada. Trampın məqsədi bu kimi insanların ölkəsinə gəlişini qadağan etməkdir".
 
B. Əsəd bildirib ki, onun əsas qayğısı suriyalı qaçqınları ölkəsinə qaytarmaqdır, onların ABŞ-a getmələri yox: "Suriya vətəndaşlarının başqa ölkələrə getməsi məni sevindirə bilməz. Onların əksəriyyəti terrora və qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə ölkəni tərk edir".
 
O, ABŞ prezidentini və digər qərb liderlərini tətbiq etdikləri embarqonu aradan qaldırmağa və terrorçuları dəstəkləməməyə çağırıb.
 
Xatırladaq ki, D. Tramp bu il yanvarın sonunda İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, o, qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.


OXŞAR XƏBƏRLƏR