ABŞ səfiri Cocuq Mərcanlıya niyə getməyib? - Açıqlama
ABŞ-ın Azərbaycandakı səfirliyi səfir Robert Sekutanın Cocuq Mərcanlıya getməməsi məsələsinə münasibət bildirib.
Sfera.az Report-a istinadən xəbər verir ki, səfirlikdən bildirilib ki, Amerika Birləşmiş Ştatlarının səfirliyi yardımlar və yenidənqurma sahəsində ən yüksək səviyyəli təmsilçisini - USAİD təşkilatının Azərbaycandakı direktoru Mikaela Meredisi Cocuq Mərcanlıya göndərib.
"Xanım Meredis oraya vəziyyətlə tanış olmaq, vəziyyəti qiymətləndirmək və bizim gələcəkdə nə kimi yardım edə biləcəyimizi müəyyənləşdirmək üçün gedib. 1992-ci ildən bəri Birləşmiş Ştatlar Azərbaycana 1,3 milyard dollar məbləğində yardım edib. Biz daha güclü, sabit, firavan və demokratik Azərbaycanın inkişafı üçün Azərbaycan hökuməti ilə işimizi davam edəcəyik", - səfirlikdən bildiriblər.
Qeyd edək ki, fevralın 15-də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın səfirinin səfərdə iştirak etməməsindən təəssüfləndiyini bildirib.