““Xandostu, amandı, qoyma, gəldi!” prinsipi ilə işləmək olmaz”

““Xandostu, amandı, qoyma, gəldi!” prinsipi ilə işləmək olmaz”

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən ilk iclasında "Bələdiyyələrin su təsərrüfatı haqqında" və "Bələdiyyə qulluğu haqqında" qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin müzakirəsi keçirilib.

Sfera.az xəbər verir ki, komitə sədri Arif Rəhimzadə bildirib ki, Su Məcəlləsindəki "balıq və digər su bioresurslarının" sözlərinin "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanuna salınması təklif olunur. Eyni zamanda, bu ilin aprel ayında qəbul olunmuş "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Kodeksin iki müddəasının "Bələdiyyə qulluğu haqqında" qanunda əksini tapması istənilir.

MM-in Qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov isə Azərbaycan dilində, orfoqrafiya lüğətində, ölkə qanunvericiliyndə "bioresurs" termininin olmadığını qeyd edərək, həmin terminin digər qanunvericilik aktında olduğu kimi, "su bioloji ehtiyatları" kimi yazılmasını məqbul sayıb.

Sözügedən komitənin üzvü Fəzail İbrahimli də "resurs" sözünün "ehtiyat" sözü ilə əvəzlənməsi dəstkətləyib. "Bizim bəzi qanunlarımız rus dilindən tərcümə olunduğu üçün bəzən rus dilində olan sözləri, terminləri də qanunlarımıza gətirirk. Sonra da bunun əlində girinc qalırıq. Bəzən də "qanun layihəsi Prezident Administrasiyasından gəlib, olduğu kimi qalmalıdır"-deyə, hay-küy salınır. Elə ona görə gəlib ki, millət vəkilləri də öz fikirlərini bildirsinlər, rəylərini ortaya qoysunlar. "Xandostu, amandı, qoyma, gəldi!" prinsipi ilə işləmək olmaz. Keçən dəfə burada bir məsələ ilə bağlı etirazımı bildirəndə Lətif müəllim dedi ki, Prezident Administrasiyasından gəldiyi üçün dəyişiklik etmək olmaz. Mən o zaman bu fikrin əleyhinə çıxdım. Amma bu dəfə onun fikirləri ilə tam razıyam. "Ana qanun"da belə yazılıb, "bala qanun" da belə olmalıdır" kimi fikirlər düzgün deyil. Azərbaycan qanunverciliyini nəhayət, öz dövlət dilimizə uyğunlaşdırmalıyıq".

Komitənin sədr müavini Fəttah Heydərov öz növbəsində qarşıda 5 illik bir müddətin olduğunu və bu tipli məsələlərin də zaman-zaman öz həllini tapmasının vacibliyini söyləyib.

Sonda komitə sədri A. Rəhimzadə də deyilən iradlarla razılaşıb və sözlərinə onu da əlavə edib ki, artıq L.Hüseynov komitə ilə əməkdaşlığı gücləndirməyə başlayıb. Müzakirələrdən sonra təkliflər nəzərə alınmaqla, hər iki sənədin plenar iclasa tövsiyə olunması qərara alınıb.


OXŞAR XƏBƏRLƏR