Sənət adamları neftçilər və onların ailələrinə dəstək olacaqlar?
Cəmiyyət
04:33 / 09.12.2015
966
Murad Dadaşov: "Hadisəni dövlətimiz araşdırır, bizə isə dəstək olmaq qalır"
Dilarə Əliyeva: "Onların ailələrinə dəstək olmaq hamımızın borcudur"
"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş faciəyə sənət adamları da biganə yanaşmayıb. Onlar hiss və düşüncələrini sosial şəbəkədə fotolar, statuslar vasitəsilə bölüşüblər. Ötən gün biznes-ledi Ruhi Əliyeva və teleaparıcı Xoşqədəm Hidayətqızı Mərkəzi Neftçilər Xəstəxanasına gedərək “Günəşli” yatağındakı yanğın zamanı yaralananlara baş çəkib.
Bəs hadisəyə həssas yanaşdıqlarını göstərən digər sənətçilər gerçək həyatda necə davranacaqlar? Onlar yaralanmış neftçilərə baş çəkib, həlak olanların ailələrinə maddi-mənəvi dəstək olacaqlarmı?
Əməkdar artist Murad Dadaşov musavat.com-a açıqlamasında bildirib ki, bu çətin günlərdə bir sənətçi, ictimai xadim kimi xalqın yanında olmalıdır: “Həmrəyliyimizi göstərməliyik. Bu faciə bizi çox kədərləndirdi. Hadisə zamanı yaralanan neftçilərin, həlak olanların ailələrinin dəstəyimizə ehtiyacı var. Mayın 19-u Binəqədidə yanan binada xəsarət alanlara baş çəkmək üçün sənət dostlarımızla xəstəxanaya getmişdik. İndi də neftçilərimizin və onların ailələrinin yanında olacağam və bacardığım yardımı göstərəcəyəm. Bu siyası, sosial məsələ deyil ki, hərə özünü bir kənara çəksin. Bu dərd bizim dərdimizdir, xoş günlərdə xalqın yanında olmağımız vacib deyil, əsas çətin günlərdir. Çox təəssüf ki, bu cür faciə yaşandı. Hadisəni dövlətimiz araşdırır. Bizə isə dəstək və kömək olmaq qalır. Məni sosial şəbəkə istifadəçilərinin fikirləri də narahat edir. Onlar insanları müxtəlif istiqamətdə tənqid edirlər. Bu isə doğru deyil. Mən tez-tez xaricdə oluram, orada bizə gülürlər, statusları “skrinşot” edib paylaşırlar. Gəlin dərdimizə sahib çıxaq, dünyanı özümüzə güldürməyək”.
Əməkdar artist Dilarə Əliyeva qeyd etdi ki, bu dərd hamımızın dərdidir: “Sənət adamı olaraq bu məsələyə çox həssas yanaşıram. Ötən gün rəfiqəmlə Dənizkənarı Milli Parka gedib qərənfil düzdük, həlak olan nefçilərimizi yad etdik. Onların ailələrinə dəstək olmaq hamımızın borcudur. Bu gün isə Mərkəzi Neftçilər Xəstəxanasına gedərək xəstələrə baş çəkəcəyik. Mən heç bir sosial şəbəkədə yoxam. Ona görə də bu haqda nə hardasa yazmışam, nə də kiməsə danışmışam. Əsas həlak olan həmvətənlərimizi yad etmək, ailələrinə dəstək olmaqdır. Çox ağır günlər yaşayırıq. Allah xalqımıza səbr versin”.
Əməkdar artist Tünzalə Ağayevanın prodüseri Yalçın Cabbarov: “Tünzalə xanım Bakıda yoxdur. Bu barədə danışmamışıq. O xalqının dərdinə şərik çıxan sənətçidir. Yəqin ki, Bakıya qayıdandan sonra yaralılara baş çəkib, ailələrinə dəstək olacaq. Bu faciə hamımızın dərdidir. Allahdan ölənlərə rəhmət, ailələrinə səbr diləyirəm”.
Müğənni Röya Ayxanın prodüseri Kənan Bayramov: “Bu faciə hər kəs kimi bizi də kədərləndirdi. Yaralanmış neftçilərə şəfa, həlak olanlara Allahdan rəhmət diləyirəm. Ağır hadisədir. Təbii ki, biz də xalqa mənəvi dəstək olmağa çalışırıq. Röya hazırda İstanbuldadır. Onun yardımla bağlı hansı planları olduğunu bilmirəm. Uzaqdan-uzağa nəsə planlamaq yersizdir. Gələndən sonra bu haqda danışacağıq”.
Müğənni Vasif Məhərrəmli musavat.com-a açıqlamasında deyib: “Dəhşətli hadisədir, neçə gündür özümə gələ bilmirəm. Əgər sənət adamları yığışıb yardım etsələr, mən də kampaniyaya qoşularam. Mayın 19-u bina yananda sənət dostlarımızla yaralananalara baş çəkmişdik. İndi də yardımlara qoşulmaq istəyərəm, amma mənə heç kim təklif etməyib”.