Xəstəxananın kiçik tibb bacısına elektron qolbaq taxıldı


Xəstəxananın kiçik tibb bacısına elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Səmədzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Sfera.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 2 il 1 ay 26 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, Leyla Səmədzadə 2019-2023-cü illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında kiçik tibb bacısı vəzifəsində çalışıb. O, çalışdığı müddətdə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə 8 vətəndaşı işlədiyi xəstəxanaya sürücü, tibb bacısı, habelə xadimə vəzifəsinə işə düzəldəcəyi vədini verərək, onlardan ümumilikdə 28 095 manat pul alıb.


Məhkəmə iclasında Leyla Səmədzadə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, hazırda zərərçəkənlərlə barışıq əldə etdiklərini, onlara dəymiş ziyanı tam ödədiyini, dəymiş ziyanın 25 faizini isə maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, ona görə də bunun nəzərə alınmasını və barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edib. (Pravda.az)


OXŞAR XƏBƏRLƏR