“Tramp bu siyasətindən imtina edərsə, həbs oluna bilər” – Politoloq

Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi kütləvi PUA və raket hücumları, bunun nəticəsində mülki obyektlərin, o cümlədən yaşayış binalarının dağılması, eləcə də mülki əhalinin zərər görməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Artan narazılıq ABŞ Prezidenti Donald Trampın açıqlamalarında da özünü göstərir.
ABŞ-nin atəşkəs çağırışlarına baxmayaraq bunun Rusiya tərəfindən rədd edilməsi, əvəzində Ukraynaya qarşı daha aqressiv hücumların həyata keçirilməsi Vaşinqtonu çətin vəziyyətə salıb.
Sfera.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi son kütləvi PUA və raket hücumu Prezident Vladimir Putinin atəşkəsdə maraqlı olmadığını açıq şəkildə göstərir.
Politoloq qeyd edir ki, İstanbul danışıqlarından sonra ikinci raund diplomatik cəhdlər fonunda baş verən bu hücum, Kremlin atəşkəsə yalnız öz şərtləri ilə razı ola biləcəyinə işarədir. Onun fikrincə, bu hücum, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 30 günlük atəşkəs təklifinin Moskva tərəfindən rədd edildiyini göstərir.
“Tramp bu hücuma cavab olaraq Putini “dəlilikdə” ittiham edib və artıq onun müharibəni davam etdirməkdə maraqlı olduğunu qəbul edib”, – deyə Əsədullazadə bildirib.
Politoloq həmçinin qeyd edir ki, yaxın günlərdə ABŞ-nin sabiq prezidenti Co Baydenin Ukraynaya göndərdiyi silahların ehtiyatı tükənə bilər. Bu səbəbdən Rusiya tərəfindən həyata keçirilən son hücum Trampın Ukraynaya hərbi yardımları davam etdirmək qərarı ilə nəticələnə bilər.
M.Əsədullazadə hesab edir ki, ABŞ Konqresindəki respublikaçılar artıq Rusiyaya qarşı sərt mövqe sərgiləməyə başlayıb və bu da Trampa qarşı daxili təzyiqləri artırır. O vurğulayıb ki, Konqres, Pentaqon və Dövlət Departamenti Trampa Ukraynaya yardımları intensivləşdirməsi üçün təzyiq göstərə bilər.
“Əgər Tramp Rusiyaya qarşı siyasətdən imtina edərsə, bu, təkcə strateji məğlubiyyətlə nəticələnməyəcək, həm də onun daxili siyasi təzyiqlərlə qarşılaşmasına, hətta hakimiyyətdən uzaqlaşdırılaraq həbs olunmasına səbəb ola bilər”, – deyə politoloq əlavə edib.
Bəsti Rəfizadə
Sfera.az