Uşağı fiziki şiddət yox, SEVGİSİZLİK öldürür – Valideynlərə ÇAĞIRIŞ

Azərbaycanda ötən il Uşaq Qaynar Xətt Xidmətinə 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub. Onlardan 237-si (29%) psixoloji, 343-ü (42%) fiziki, 19-u (3%) cinsi, 217-si (26%) etinasızlıqla əlaqəlidir. Bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
Bunların hər biri öz-özlüyündə ciddi problem, yanlış yanaşmadır. Uşaqların 343-ü konkret olaraq fizki zorakılığa məruz qalsa da, 237-si psixoloji, 217-si isə etinasızlığa görə Komitədən yardım istəyib.
Bu da o deməkdir ki, uşaqlar onlara qarşı etinasız davranışı hiss edir və bu, onların həyatında ciddi izlər buraxır.
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, uşağa etinasız davranmaq onun emosional, psixoloji ehtiyaclarını ödəməmək deməkdir:
“Uşağa etinasız davrananda uşaq özünü dəyərsiz hiss edir, özünü qiymətləndirməsi, özgüvəni azalır. Uşaqda davranış pozuntusu özünü qabarıq formada göstərir. Bu da o deməkdir ki, uşaq diqqət, sevgi görməyəndə o aqressiv ola bilir, lazımsız nələrisə yeyə bilir. Bu, saç, dırnaq, kağız, yeyilməsi mümkün olmayan əşyalar ola bilər. Hətta uşaq oğurluq belə edə bilər. Uşaq oğurluq edirsə, məni gör, məni sev, mənim fərqimə var demək istəyir”.
O hesab edir ki, bəzi insanlar ata və ana olmağa hazır olmayanda uşaq dünyaya gətirirlər:
“Birinci, psixoloji olaraq valideyn olmağa hazır olmalıyıq, bu övladı arzulamlıyıq, maddi və ənənəvi olaraq bu yükü daşımaq durumda olanda dünyaya övlad gətirməliyik. Bəzən problemlərin içərisində arzuolunmaz hamiləliklər olur və bu zaman uşağa etinasız davranışlar da ortaya çıxır. Valideyn uşağa etinasız davranırsa, uşaq onu həmin an, birbaşa demir. Uşaq onu davranışında, hərəkətində biruzə verir, 12-13 yaşı olanda evdən qaçır, depressiyaya düşür. Övladımızın həmişə emosional cəhətdən ehtiyacını ödəməliyik, yəni qucaqlayıb, öpün, dəri vasitəsilə verilən sevgi daha uzunmüddətli və xoşa gələn olur. Məsələn, onun üzünü, əllərini əllərinizlə sığallayın. O, sevildiyini dəri vasitəsilə hiss eləsin.
Uşağınızı davamlı olaraq etdiyi müsbət hərəkətlərə görə mükafatlandırın. Hər şeydə mükafat verib uşağı buna, rüşvətxorluğa da alışdırmaq olmaz. Sadəcə, uşaq xoşagələn bir şey edəndə ona xoş sözlər, afərin, sən ağıllısan və s. bu kimi sözlər deyin. Uşağınızı hər kəsin içərisində və evdə də, təklikdə də tərif edin.
Günün müəyyən hissəsində övladınızla vaxt keçirin, kimsə deyəndə ki mən övladımla vaxt keçirməyə vaxt tapmıram, mən sual verirəm ki, 24 saatın içərisindən övladınıza 2 dəqiqə ayırmağa vaxtınız yoxdur? Siz 2 dəqiqə ilə belə ona müəyyən suallar verib onunla mara
qlana bilərsiniz”.