Almaniya Rusiyaya qarşı sanksiya paketi hazırlayır

Almaniya hökuməti Rusiyanı Ukraynada atəşkəslə razılaşmağa məcbur etmək məqsədilə yeni sanksiyalar paketinin hazırlanması üzərində çalışır.
Sfera.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius mətbuat konfransında açıqlama verib.
Kornelius bildirib ki, Almaniya daim Rusiyaya qarşı tətbiq edilə biləcək sanksiya variantlarını öyrənir və mövcud tədbirlərə yenidən baxır. Onun sözlərinə görə, hazırda müzakirə edilən sanksiyalar paketinin konkret detalları açıqlanmır.
Hökumət rəsmisi qeyd edib ki, bu həftə Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul etməyə hazırlaşır. Kornelius əlavə edib ki, ABŞ-nin bu prosesdə Aİ ilə birlikdə hərəkət edib-etməyəcəyi, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan telefon danışığının nəticələrindən asılı olacaq.
Xatırladaq ki, ötən həftə Aİ-yə üzv ölkələrin daimi nümayəndələri 17-ci sanksiyalar paketini artıq təsdiqləyiblər və indi bu tədbirlərin Avropa İttifaqı Şurası tərəfindən rəsmən təsdiqlənməsi gözlənilir.
Fidan Hacızadə
Sfera.az