15 May - Beynəlxalq Ailə Günüdür

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə institutunun cəmiyyətin əsas dayağı kimi təbliğ olunması, ailə dəyərlərinin qorunması və inkişaf etdirilməsi, eləcə də ailələrin üzləşdiyi sosial-iqtisadi problemlərə diqqət çəkilməsidir.

 

Sfera.az bildirir ki, Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs institut kimi qəbul olunmuş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ötürülməsində və möhkəmləndirilməsində aparıcı rol oynamışdır. 

 

Zəngin tariximizə, mədəniyyətimizə və ənənələrimizə sadiq olan ailələr, gənc nəslin şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynayır. Bu baxımdan Beynəlxalq Ailə Günü həm də milli-mənəvi kimliyin, vətənpərvərlik ruhunun və mənəviyyatın inkişafında ailənin vacibliyini bir daha xatırladır.

 

Milli mənlik şüuru – insanın mənsub olduğu millətin tarixinə, dilinə, mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşması, bu dəyərlərlə fəxr etməsi və onları qoruyub gələcək nəsillərə ötürmək məsuliyyətidir. Bu şüurun formalaşdığı ilk məkan isə ailədir. Valideynlərin uşaqlara milli bayramların əhəmiyyətini anlatması, ana dilində səlis danışması, xalq ədəbiyyatını və musiqisini tanıtması, onları milli qəhrəmanlarımız, şəhidlərimiz haqqında məlumatlandırması, gənc nəslin milli kimlik şüurunun inkişafında mühüm əhəmiyyət daşıyır.

 

Ailədə təlqin olunan milli ruh uşaqların düşüncə və davranışlarına sirayət edir. Uşaqlara böyüklərə hörmət, torpağa bağlılıq, adət-ənənələrə sadiqlik, milli geyimlərə, musiqiyə və incəsənətə maraq hissi aşılamaq, onların milli-mənəvi dəyərlərə sahib bir vətəndaş kimi yetişməsinə zəmin yaradır.

 

Vətənpərvərlik hissi yalnız çətin və sınaqlı günlərdə deyil, gündəlik həyatın hər anında yaşanmalı və tərbiyə olunmalıdır. Ailə övladlarına Vətəni sevməyi, onu qorumağın və inkişaf etdirməyin bir borc olduğunu aşılamalıdır. Bu tərbiyə təkcə sözlə deyil, həm də nümunəvi davranışlarla, tarixi hadisələrin izahı, şəhidlərimizin qəhrəmanlıqlarının xatırlanması ilə həyata keçirilməlidir.

 

Vətən müharibəsində iştirak edən gənclərimizin bir çoxu ailədən aldıqları vətənpərvərlik ruhu ilə düşmən qarşısında əyilmədi, qəhrəmanlıq göstərdi. Bu nümunə bizə göstərir ki, ailədə verilən tərbiyə nəinki şəxsi həyat üçün, həm də cəmiyyət və dövlət üçün vacib əhəmiyyət kəsb edir.

 

Ailənin tərbiyəverici funksiyası nə qədər mühüm olsa da, bu təkbaşına kifayət etmir. Gənc nəslin milli və vətənpərvər ruhda böyüməsi üçün ailə ilə yanaşı məktəblərin və ictimai qurumların da üzərinə böyük məsuliyyət düşür. Lakin ailə bu üçbucağın təməl daşıdır. Ailədən başlayan tərbiyə məktəbdə və cəmiyyətdə davam etdirilməli, ailə-məktəb-ictimaiyyət arasında sıx əlaqə qurulmalıdır.

 

Uşaqların televiziyada və sosial mediada milli dəyərləri əks etdirən proqramlarla tanış olması, ailəvi ekskursiyalar vasitəsilə Azərbaycanın tarixi məkanlarının ziyarəti, şəhid ailələri ilə görüşlər, milli qəhrəmanların həyat yolunun öyrənilməsi onların həm maariflənməsinə, həm də vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir.

 

Beynəlxalq Ailə Günü ailənin sadəcə sosial institut deyil, həm də milli kimliyin qoruyucusu, mənəviyyatın daşıyıcısı və vətən sevgisinin başlanğıc nöqtəsi olduğunu bir daha təsdiqləyir. Bugünkü gənclərin sağlam düşüncəli, vətəninə, xalqına bağlı, milli-mənəvi dəyərlərə sadiq yetişməsi üçün ailənin üzərinə düşən vəzifələr daha da artmaqdadır.

 

Azərbaycanın gələcəyi olan gənclərimizin milli kimlik şüuruna və vətən sevgisinə sahib bir nəsil olaraq yetişməsi üçün hər bir ailə bu prosesdə aktiv və məsuliyyətli rol oynamalıdır. Yalnız bu halda biz həm ailəni, həm də dövlətimizi möhkəmləndirə bilərik.

 

Firuzə Əliyeva
Sfera.az


Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb


OXŞAR XƏBƏRLƏR

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...

Yeni cərimələr müəyyənləşdi

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdi...