2016-cı il bakılıların yaddaşında hansı hadisələrlə qaldı? - SORĞU

2016-cı il bakılıların yaddaşında hansı hadisələrlə qaldı? - SORĞU

Yola saldığımız 2016-cı il dünyada bir çox hadisələrlə yadda qaldı. Görəsən, beynəlxalq aləmdə baş verənlərə bakılıların münasibəti necədir? Paytaxt sakinləri hansı hadisələri 2016-cı ilin unudulmazları sırasında görüblər?

"ACT Azərbaycan" Bakı şəhərində bu suallara cavab axtarıb.

Milli.Az sorğunun nəticələrini təqdim edir. 

Rəyi soruşulmuş paytaxt sakinlərinin 29 %-i üçün ilin əsas hadisəsi Suriya və onun ətrafında baş verənlər olub. Yaxın Şərq münaqişəsinin adını çəkənlər, əsasən, 65 və daha çox yaşı olan ahıl nəslin nümayəndələridir (38 %). Kişi respondentlərin arasında 2016-cı ildə ən çox yadda qalan (32 %) hadisə də məhz Suriya böhranıdır. 

Türkiyədə hərbi çevrilişə cəhd də paytaxt sakinlərinin diqqətindən yayınmayıb (28 %). Əsasən, orta nəslin nümayəndələri (45-54 yaş aralığı) çevriliş cəhdini ilin hadisəsi adlandırıblar (41 %). Və maraqlısı budur ki, bu qadın respondentlərin 2016-cı ildə ən çox xatırladığı hadisədir (30 %).

Terror aktları da ötən ili xatırlayanların siyahısında top beşliyə düşməyi bacarıb. Bakı respondentlərinin beşdə biri (19 %) 2016-cı ili daha çox terror hadisələri ilə assosiasiya etdiklərini bildiriblər. 

ABŞ-da keçirilən prezident seçkiləri də bakılıların diqqətindən yayınmayıb. Rəyi soruşulan sakinlərin 18 %-i Donald Tramp və Hillari Klinton arasındakı seçki marafonunu ilin ən xatırlanan hadisəsi hesab edib. Xüsusən gənc nəslin nümayəndələri (18-24 yaş aralığı) ABŞ-da baş tutan seçkilərə diqqət ayırıblar (26%).

İlin sonunda Ankaradakı Rusiya səfiri Andrey Karlovun öldürülməsi 17 % , İŞİDİ-in fəaliyyəti isə 12 % respondentin ən yadda qalan hadisələridir. 

Sorğu 24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.


OXŞAR XƏBƏRLƏR