Uzaq bazardansa yaxın market yaxşıdır... - Şəbəkə marketlərin rolu

Uzaq bazardansa yaxın market yaxşıdır... - Şəbəkə marketlərin rolu

Çağdaş dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafı və ərzaq təhlükəsizliyi kontekstində şəbəkə marketlərinin rolu daha da aktuallaşıb. Xüsusilə kiçik və orta bizneslərin (KOB) inkişafında bu marketlərin yaratdığı tədarük zənciri, satış imkanları və bazar sabitliyi diqqət mərkəzindədir. Lakin bu anlayış birdən-birə yaranmayıb.

 

Azərbaycanda pərakəndə ticarətin və şəbəkə marketlərinin formalaşmasının tarixi bir qədər əvvələ gedib çıxır.

 

Belə ki, proses Sovet planlı iqtisadiyyatından bazar iqtisadiyyatına keçidin bir hissəsi kimi baş verib.

 

 

 

“Hesab şotkasından” kassa aparatına gedən yol...

 

Bəlli olduğu kimi, Sovet İttifaqı dövründə Azərbaycanda bütün ticarət sistemləri dövlət tərəfindən idarə edilməkdə idi. Yerli əhalinin əsas alış-veriş məkanı kimi dövlətə məxsus “qastronom”, “univermaq” və digər satış məntəqələri fəaliyyət göstərirdi. Ərzaq bolluğu yox idi, tələbatla təklif arasında ciddi uçurumlar vardı. Bir sözlə hamı üçün məhdud təkliflər, standart anlayışlar mövcud idi.

 

Böyüklərdən çox eşidirik: “Onda hamımız eyni geyinirdik” “Çörək, yağ üçün növbədə dururduq”.

 

 

Məhsulların istehsal prosesi, paylanması və qiymətləri vahid mərkəzdən planlaşdırılırdı. Bu sistemdə kiçik sahibkarlığa yer verilmirdi və nəticədə yerli təşəbbüskarlıq demək olar ki, boğulmuşdu. Mənzərədən göründüyü kimi, bu dövrdə pərakəndə sektor iqtisadi innovasiyaların məkanı deyil, yalnız ideoloji planın tərkib hissəsi sayılırdı.

 

SSRİ-nin süqutu, sərbəst bazar iqtisadiyyatının formalaşması

 

 

SSRİ-nin dağılması ilə Azərbaycan sərbəst bazar iqtisadiyyatına keçdi. Bu dövrdə pərakəndə sektor xaotik və strukturlaşmamış idi. Minlərlə kiçik dükan, köşk, bazar yerləri yarandı. İnsanlar ilk dəfə olaraq fərdi sahibkarlıqla məşğul olmağa başladılar. Yerli istehsal demək olar ki, yox idi - əsas tələbatı idxal məhsulları qarşılamaqdaydı.

 

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik bərqərar oldu və iqtisadi islahatlar mərhələli şəkildə həyata keçirilməyə başlandı:

 

Vergi və gömrük sistemləri yenidən quruldu;

Pərakəndə ticarətdə qanunvericilik bazası yaradıldı;

Özəlləşdirmə proqramları sayəsində bir çox dövlət müəssisələri və ticarət obyektləri özəl sektora verildi;

İnfrastrukturun inkişafı və maliyyə-bank sisteminin qurulması pərakəndə sektorun tənzimlənməsinə və genişlənməsinə səbəb oldu;

 

Nəticədə, pərakəndə sektor tədricən strukturlaşmağa başladı və bugünkü müasir ticarət mərkəzlərinin, supermarket şəbəkələrinin və elektron ticarət platformalarının təməli həmin illərdə qoyuldu.

 

 

“Gəl, ay müştəri, qızıldandır dişləri”

 

Lakin yenilik normal olaraq özündə bir sıra çətinlikləri də gətirirdi. Bu mərhələdə şəbəkə anlayışı yox idi – hər satıcı fərdi fəaliyyət göstərirdi, logistik zəncir yox səviyyəsində idi. Kiçik biznes üçün bu həm azadlıq dövrü, həm də qeyri-sabitliyin başlanğıcı idi. Sovet dövrünün planlı iqtisadiyyatının sona çatması ilə, hər kəs öz imkanları daxilində öz biznesini qurmağa çalışırdı. Bu, sadəcə bir işgüzar təşəbbüs yox, eyni zamanda şəxsi azadlığın təzahürü sayılırdı. İnsanlar yavaş-yavaş dövlətin iqtisadiyyata müdaxiləsinin azalması ilə sərbəst fəaliyyət göstərməyə başladılar. İstənilən kəs bir şey satmaq, məhsul alıb satmaq və ya xidmət göstərmək üçün özünə məxsus kiçik bir biznes qurmağa təşəbbüs edirdi.

 

 

Yerli bazarlarda, küçələrdə, mağazaların qarşısında satıcılar öz məhsullarını satışa çıxarırdılar. Kimisi şəkər, yağ və un kimi gündəlik məhsullar alıb satır, kimisi də özünəməxsus əl işləri ilə müştəri cəlb edirdi. Hər satıcı öz fəaliyyəti ilə bağlı tam məsuliyyət daşıyırdı. Bu isə həm azadlıq, həm də həm də qeyri-sabitlik idi, çünki heç bir tənzimləmə yox idi və risklər hər zaman mövcud idi. Bir tərəfdən, bazarda öz yerini tapmağa çalışan insanlar, digər tərəfdən isə tədarükçülərin qiymət dəyişiklikləri, məhsul çatışmazlığı...

 

 

Şəbəkə Marketlərin Yaranması və Strukturlaşma

 

 

İqtisadi sabitlik və neft gəlirlərinin artması ilə 2000-ci illərdə Azərbaycanda ilk iri ticarət şəbəkələri – “Araz”, “Bazarstore”, “Bolmart” və digərləri meydana çıxdı. Bu şəbəkələr özündə planlı logistikanı, rəqabətədavamlı qiymət siyasətini və müasir tədarük üsullarını cəmlədi. Bu mərhələdə artıq yerli istehsalçılar üçün yeni bir bazar açılmış oldu. Belə ki, əvvəllər bazar və kiçik mağazalar vasitəsilə satış edən yerli istehsalçılar, şəbəkə marketlərinə daxil olmaqla məhsullarını daha geniş auditoriyaya çatdırmaq imkanı qazandılar. Lakin bu, eyni zamanda daha yüksək keyfiyyət, qablaşdırma və sertifikat tələbləri demək idi.

 

Şəbəkə marketləri bir növ “filter” rolunu oynayaraq, keyfiyyətsiz məhsulların bazara daxil olmasının qarşısını almağa başladı. Tələblərə cavab verməyən məhsulların satış şəbəkələrinə daxil ola bilməməsi, həm istehsalçılarda məsuliyyət hissini artırdı, həm də istehlakçıların təhlükəsizliyini təmin etdi. Bu, uzunmüddətli perspektivdə əhalinin daha sağlam və təhlükəsiz qida məhsullarına çıxışını yaxşılaşdırdı.

 

Sosial aspektdən baxıldıqda isə, şəbəkə marketləri minlərlə iş yerinin açılmasına səbəb oldu. Regionlarda filialların açılması həm bölgələrin iqtisadi aktivliyini artırdı, həm də yerli əmək bazarına töhfə verdi.

 

 

Nəticə etibarilə, Azərbaycanda şəbəkə marketlərinin yaranması təkcə ticarətin deyil, həm də istehsal, logistika, xidmət və məşğulluq sahələrinin inkişafına təkan verdi. Bu sistem, bazar münasibətlərində şəffaflığın artmasına, müasir idarəetmə prinsiplərinin tətbiqinə və istehlakçı məmnuniyyətinin yüksəlməsinə səbəb olaraq ölkə iqtisadiyyatına ciddi müsbət təsir göstərdi.

 

 

 

Dövlət orqanlarının nəzarəti və regional genişlənmə

 

 

2010-cu ildən sonra şəbəkə marketləri regional miqyasda da yayılmağa başladı. Müxtəlif bölgələrdə filiallar açıldı, yerli kənd təsərrüfatı istehsalçıları üçün real satış imkanları yarandı. Dövlət orqanları – xüsusilə AQTA, KOBİA və İqtisadiyyat Nazirliyi – tədarük proseslərinə nəzarəti gücləndirdi. İxrac və idxal balansı daha sabit hala gəldi. Yerli brendlər supermarket rəflərində öz yerini tapdı. Şəbəkə marketləri artıq yalnız satış məntəqəsi deyil, həm də iqtisadiyyatın strukturlaşdırılmış aktoru oldu.

 

Pandemiya və Sonrakı Dövr

 

COVID-19 pandemiyası (2020–2021) dövrü bütün dünyada olduğu kimi, Azərbaycanda da pərakəndə ticarət sektoruna ciddi təsir göstərdi. Xüsusilə şəbəkə marketləri bu böhrana qarşı çevik reaksiyalar verməli oldular və bu sahədə bir sıra strateji dəyişikliklər baş verdi:

 

  • Ərzaq məhsullarına olan tələbat sürətlə artdı,
  • Panik alış-veriş dalğası yarandı,
  • Təchizat zəncirində gecikmələr müşahidə edildi.

 

Bu çətinliklərə baxmayaraq, şəbəkə marketləri fəaliyyətlərini dayandırmadı. Əksinə, bir çox filial gündəlik tədarük qrafiklərini yenidən planlaşdırdı, yerli istehsalçılarla əlaqələri gücləndirdi, və məhsul ehtiyatlarını artıraraq logistikanı stabilləşdirdi. Çatdırılma sistemləri, onlayn sifariş platformaları və kontaktsız ödəmə metodları genişləndi. Ərzaq təminatında sabitlik yalnız iri şəbəkələr vasitəsilə mümkün oldu. Eyni zamanda, yerli məhsullara tələbat artdı. Bu dövr KOB-ların şəbəkələrə inteqrasiyası üçün unikal fürsət pəncərəsi yaratdı. Dövlət dəstək mexanizmləri bu dövrdə daha da gücləndi. Bu dövrdə onlar çevikliyini, sosial məsuliyyətini və texnoloji uyğunlaşma qabiliyyətini göstərdi.

 

 

Post-pandemiya dövründə isə rəqəmsallaşma, yerli məhsula önəm və istehlakçının rifahını prioritetləşdirən yanaşma onların gələcək inkişaf strategiyalarının əsasını təşkil edir.

 

Uzaq bazardansa yaxın market yaxşıdır...

 

Hazırda Azərbaycanda şəbəkə marketləri istehlakçılara geniş çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları təqdim etməklə yanaşı, ərzaq təhlükəsizliyi və məhsul keyfiyyəti baxımından da vacib rol oynayır. Azərbaycanda “Ərzaq təhlükəsizliyi haqqında” qanun, Standartlaşdırma Agentliyi və AQTA (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) kimi qurumlar bu sahəyə nəzarət edir. Müasir marketlərdə məhsulun saxlanma şəraiti, son istifadə tarixi və etiketləmə ilə bağlı daha sərt standartlar tətbiq olunur. İnsanlar daha çox şəbəkə marketlərinə üstünlük verirlər, çünki məhsulun orijinallığına və təhlükəsizliyinə güvənirlər. Yəni indi təzə, keyfiyyətli ət almaq üçün qəssaba, orqanik meyvə üçün bazara gedib vaxt itirmək lazım gəlmir. Şəbəkə marketlər hazırda  demək olar ki, bütün növ qida məhsullarını orijinal və keyfiyyətli formada təqdim edə bilir.

 

Şəbəkə marketləri bugünkü Azərbaycanın iqtisadi ritmini döyən səssiz, amma güclü nəbzlərdir.

 

Əzizə Zeynal 

 

Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin "Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”

 


OXŞAR XƏBƏRLƏR