Trampın bu səlahiyyətləri məhdudlaşdırıla bilər

ABŞ-nin 12 ştatı ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi tariflərin ləğvi üçün məhkəməyə müraciət edib. ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsində qaldırılan iddia amerikalıların və dünya ictimaiyyətinin marağına səbəb olub.
Bu hadisə ABŞ daxilində Trampa qarşı müxalifətin güclənməyini göstərir.
Bu cür hüquqi etirazların davamı Trampın legitimliyini sarsıda bilərmi?
Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov ABŞ-nin 12 ştatının Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflərə qarşı qaldırdığı iddia, xüsusilə ABŞ-nin daxili siyasəti, federal-dövlət münasibətləri və qüvvələr balansı kontekstində bir sıra hüquqi və siyasi nəticələrə səbəb ola biləcəyini deyib.
Politoloqun sözlərinə görə, iddia Tramp administrasiyasının Konqresin müvafiq təsdiqi olmadan tariflər tətbiq etməklə konstitusiya səlahiyyətlərini aşdığını bildirib:
"Bu arqument, xüsusən də milli təhlükəsizlik səbəbiylə tariflərə icazə verən 1962-ci il Ticarətin Genişləndirilməsi Aktının 232-ci bölməsinə əsaslanır. Əgər məhkəmə ştatların xeyrinə qərar çıxararsa, bu, prezidentin ticarət sahəsindəki səlahiyyətlərini məhdudlaşdıran və ticarətin tənzimlənməsində Konqresin rolunu gücləndirən mühüm hüquqi presedent yarada bilər”.
Müsahibimiz vurğulayıb ki, bu iddianın qaldırılması federal hakimiyyətin iqtisadi siyasətinin ştatların iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı və istehsal sahələrinə mənfi təsir göstərdiyini təsdiqləyir.
Ə.İbrahimov qeyd edib ki, ştatlar tariflərin artırılmasının tədarük zəncirlərini pozduğunu, cavab tariflərini təşviq etdiyini və nəticədə onların iqtisadiyyatlarına və vətəndaşlarına zərər vurduğunu iddia edirlər:
“Tələb həmçinin Trampın bəziləri tərəfindən populist, lakin iqtisadi baxımdan pozucu hesab edilən proteksionist ticarət siyasətlərinə qarşı tənqidlərin artmasına səbəb olur. Əgər Respublikaçıların rəhbərlik etdiyi ştatlar da iddiaçılar sırasındadırsa, bu, Tramp dövrünün siyasətləri ilə bağlı partiya daxilində fikir ayrılıqlarının artıq başladığını göstərə bilər. Tariflərə qarşı qərar həm də gələcəkdə milli təhlükəsizlik bəhanəsi ilə iqtisadi tədbirlərin tətbiqini məhdudlaşdıra və prezidentlərin ticarət mübahisələrində birtərəfli qərarlar vermək imkanlarını azalda bilər”.
Fidan Hacızadə