BMT hesabat yaydı: Kiberdələduzluq geniş yayılır

Birləşmiş Millətlər Təşkilatının yeni hesabatı qlobal təhlükə siqnalı verib.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) bazar ertəsi yaydığı hesabatda bildirilir ki, Cənub-Şərqi Asiyadan qaynaqlanan kiberdələduzluq şəbəkələri artıq qlobal miqyasda yayılaraq Cənubi Amerika və Afrikaya qədər genişlənib.
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) qeyd edir ki, regional reydlər bu cinayət sindikatlarını dayandıra bilməyib və nəticədə milyardlarla dollarlıq bir sənaye formalaşıb.
UNODC-nin məlumatına görə, bu cinayətkar şəbəkələr son illərdə on minlərlə insanın, o cümlədən insan alverinin qurbanı olmuş şəxslərin çalışdığı nəhəng fırıldaqçılıq mərkəzləri qurub. Hökumətlərin sərt tədbirlərinə baxmayaraq, sindikatlar fəaliyyətlərini yeni regionlara köçürərək daha da yayılıb. Agentlik xəbərdarlıq edir ki, artıq “geri dönməz bir yayılma baş verib” və bu cinayətkar qruplar sərhədlər daxilində rahatlıqla hərəkət edə bilirlər.
UNODC-nin Cənub-Şərqi Asiya və Sakit Okean üzrə regional nümayəndəsi vəzifəsini icra edən Benedikt Hofmann bu prosesi “xərçəng kimi yayılan” bir vəziyyətə bənzədib:
“Səlahiyyətlilər bunu bir sahədə müalicə etsə də, kökləri yox olmur, sadəcə olaraq başqa yerlərə miqrasiya edirlər”.
Mühafizəkar hesablamalara əsasən, dünyada yüzlərlə kiberdələduzluq təsərrüfatı hər il on milyardlarla dollar gəlir əldə edir. UNODC ölkələri bu qrupların maliyyə mənbələrini hədəf almaq və onların fəaliyyətinə qarşı birlikdə mübarizə aparmağa çağırır.
UNODC-nin regional analitiki Con Wojcik isə əlavə edib ki, bu sənaye artıq digər transmilli cinayətləri geridə qoyub: “Bu fırıldaqçılıq şəbəkələri onlayn mühitdə qeyri-qanuni mallar daşımadan milyonlarla potensial qurbana çata bilir və sürətlə genişlənə bilir”.
Yalnız ABŞ-da 2023-cü ildə kiberdələduzluq, xüsusilə romantik fırıldaqlar və “donuz kəsimi” adlı kriptovalyuta aldatmaları nəticəsində 5,6 milyard dollardan çox vəsait itirilib. Bu fırıldaqların qurbanları arasında yaşlı və həssas insanlar üstünlük təşkil edib.
BMT bu təhlükənin qarşısını almaq üçün beynəlxalq əməkdaşlığın və koordinasiyanın vacibliyini vurğulayır.
Fidan Hacızadə