Şadlıq sarayları ƏDV verməlidir? - AÇIQLAMA

Bildiyimiz kimi, şadlıq saraylarında keçirilən tədbirlərdə külli miqdarda ödənişlər olunur. Lakin əksər şadlıq saraylarında məclis edən şəxslərə qəbz verilmir.
Maraqlıdır, şadlıq sarayları Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicisi sayılırmı? Əgər elədirsə, toy sahibləri ödəniş edərkən onlara nə üçün çek verilmir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında iqtisad elmlər doktoru, professor, Milli Məclisin üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 - 2024) deputatı Rüfət Quliyev bildirib ki, şadlıq sarayları ƏDV verməlidir:
“Şadlıq saraylarından ƏDV tələb ediləndə qiymət 20 faiz daha baha təklif olunur. Buna görə də insanlar buna getmir. Çekin niyə verilməməsi isə hüquq mühafizə orqanları və vergi qurumlarına aiddir. Hələ ki, Azərbaycanda belə bir ənənə var. Tədricən market və restoranlar kimi şadlıq saraylarında da vergi sistemi şəffaf şəkildə tənzimlənəcək. Sadəcə olaraq buna müəyyən səylər lazımdır. Bu işlə məşğul olan dövlət qurumları məsələyə daha çox diqqət göstərməlidir”.
R.Quliyev toy zamanı insanların yol verdiyi səhvlərdən də söz açıb. Sabiq deputat toy şənliklərində israfçılığa yol verildiyini, insanların məclisdən tez ayrıldığını vurğulayıb:
“Şadlıq saraylarında mərasim keçirən insanların əsas səhvi ondadır ki, qida məhsulları qədərindən artıq sifariş verilir, heç 40 faizi yeyilmir. Eşitdiyimə görə, bəzi VİP şadlıq saraylarında həmin artıq qalan məhsulları daha ucuz məbləğə başqa restoranlara satırlar. 14 cür salat, 12 cür yemək və s. nəyə lazımdır? Musiqinin də səsinin çox yüksək tonda verilməsinin səbəbi insanlara psixoloji təzyiqdir. Belə ki, qonaqların bezib tez getməsi yeməklərin artıq qalmasına səbəb olur”.
Qeyd edək ki, əgər şadlıq sarayı hüquqi şəxs və ya fərdi sahibkardırsa və illik dövriyyəsi 200 000 manatdan çoxdursa, o zaman məcburi şəkildə ƏDV qeydiyyatına düşməlidir və göstərdiyi xidmətlər üçün ƏDV (hazırda 18%) tətbiq olunmalıdır.
Firuzə Əliyeva