"Prezidentin sərəncamı tarixçilər arasında böyük sevinclə qarşılanb" - Yaqub Mahmudov
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımızın erməni işğalçıları üzərində böyük qələbəsinə və işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışa inamı artıran çox mühüm dövlət sənədidir.
Sfera.az Trend-ə istinadən bildirir ki, bunu AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.
Alim qeyd edib: "Prezidentin sərəncamı tarixçilər arasında böyük sevinclə qarşılanmışdır. Çünki tarixçilər yaxşı bilirlər ki, öz havadarlarına arxalanan erməni işğalçıları həmişə zəbt etdikləri Azərbaycan torpaqlarından çıxmamağa cəhd göstərmişlər. İrəvan mahalında, Göyçə mahalında, Zəngəzurda da belə olmuşdur. Lakin Azərbaycan Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev keçən ilki Aprel döyüşlərində erməni qəsbkarlarına sübut etdi ki, işğalçılar məğlub ediləcək və böyük qələbəmiz uzaqda deyil!".
Y.Mahmudovun fikrincə, Prezidentin Cocuq Mərcanlı ilə bağlı sərəncamının çox mühüm əhəmiyyəti ondadır ki, bu sərəncamın icrası ilə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinə başlanır və xalqımızın doğma yurd yerlərinə böyük qayıdışı dövrü başlanır: "Biz tarixçilər inanırıq ki, bu müdrik, qətiyyətli və cəsarətli siyasətin zəfər çalması nəticəsində xalqımız nəinki, Qarabağdakı yurd yerlərinə, həmçinin gələcəkdə İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacaqdır.
Prezident və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq!"