Şəhidimizin nəşinin qaytarılması prezidentin nəzarətindədir
"Ötən ilin sonunda sərhəddə baş verən təxribat zamanı şəhid olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşini qaytarmamaqla Ermənistan tərəfi növbəti dəfə öz çirkinliyini nümayiş etdirir”.
Sfera.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
”Məsələ ölkə başçısının nəzarətindədir. Şübhəmiz yoxdur ki, əsgərimizin nəşi qaytarılacaq”, - deyə o bildirib.
Baş nazirin müavini 2014-cü ildə Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə də toxunub:
"Bütün dünya növbəti dəfə Ermənistan tərəfinin qanunsuz əməllərinə şahidlik edir. Beynəlxalq təşkilatların, dövlətlərin bununla bağlı sərt reaksiyası var. Öz ata-analarının qəbrini ziyarət etməyə gedən insanlara terrorçu adı qoyuldu. Dilqəmlə Şahbaz Ermənistan ordusuna güclü zərbə vurdu. Ermənistan ordusu hələ də bu zərbənin altındadır, müxalifət hələ də bundan danışır". /femida.az/