10 mart Azərbaycan teatrının yaranma günüdür

10 mart Azərbaycan teatrının yaranma günüdür

Teatr sənəti insan mədəniyyətinin ayrılmaz hissəsi olaraq, əsrlər boyu cəmiyyətlərin estetik, sosial və mənəvi inkişafına təsir göstərib. Hər il martın 10-u Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir. Bu gün Azərbaycan teatrının zəngin tarixinə nəzər salmaq, onun inkişaf yolunu vurğulamaq və bu sahədə çalışan sənətkarların əməyini dəyərləndirmək üçün bir fürsətdir.

 

Sfera.az xəbər verir ki, Azərbaycan teatrının əsasının qoyulması XIX əsrin ortalarına təsadüf edir. 

 

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu tarixi hadisə Azərbaycan mədəniyyətində yeni bir dövrün başlanğıcı oldu.

 

Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar. 

 

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

 

XX əsrdə Azərbaycan teatrı sürətlə inkişaf edərək, müxtəlif janrlarda tamaşalar hazırlamağa başladı. 1920-ci ildə Azərbaycan Dövlət Dram Teatrı rəsmi status aldı. Daha sonra Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı və digər teatrlar fəaliyyətə başladı. Sovet dövründə və müstəqillik illərində teatr sənətimiz inkişaf edərək beynəlxalq arenaya çıxdı.

 

Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

 

2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

 

Bu gün Azərbaycan teatrı ənənə və yeniliyin sintezini özündə birləşdirir. Dövlətin teatr sənətinə göstərdiyi diqqət sayəsində ölkədə bir çox teatr binaları əsaslı şəkildə təmir olunub, yeni yaradıcı layihələr həyata keçirilib. Bakı və regionlarda fəaliyyət göstərən teatrlar Azərbaycan və dünya dramaturgiyasının əsərlərini səhnələşdirir.

 

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

 

Teatr təkcə əyləncə vasitəsi deyil, həm də cəmiyyətin güzgüsüdür. O, insan psixologiyasını, sosial problemləri, tarixi hadisələri dərinliklə təqdim edir. Hər bir tamaşaçı teatrın sehri ilə real həyatdan uzaqlaşaraq, fərqli duyğular yaşayır, düşüncələrə dalır. Bu məqamda teatr mədəniyyətinin yaşadılması üçün əsas məsuliyyət tamaşaçıların üzərinə düşür. Təəssüf ki, son dövrlər teatra gedənlərin sayında azalma müşahidə olunur.

 

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə teatrlara gələn tamaşaçıların sayı cəmi 430 min nəfər olub ki, onlardan ən çoxu dram, musiqili-komediya və musiqili dram teatrları, həmçinin uşaq və gənc tamaşaçılar teatrlarının tamaşaçılarıdır. Müvafiq olaraq, sözügedən teatrların tamaşaçı sayı 302 min və 106 min nəfər olub. Bunlardan başqa, opera və balet teatrını isə 22 min nəfər ziyarət edib. 

 

Əhalinin hər 1000 nəfərində  teatrlara gələn tamaşaçıların sayı 42 nəfər təşkil edib. 

 

Son 10 ilin statistikasına nəzər yetirsək, ən çox tamaşaçı 2015-ci ildə 752 minlə qeydə alınıb. Pandemiya dövründə rəqəmlər 135 minə qədər azalsa da, 2022-ci ildən yenidən artmağa başlayıb. Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.

 

Teatr sənətinə töhfə verən bütün aktyorları, rejissorları, dramaturqları və teatrsevərləri bu əlamətdar gün münasibətilə təbrik edirik!


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...