“Dəfələrlə məsələ qaldırmışam ki, hakimlər ömürlük təyin olunsunlar”


“Dəfələrlə məsələ qaldırmışam ki, hakimlər ömürlük təyin olunsunlar”

Qüdrət Həsənquliyev: “Hakimiyyətin bütün qanadlarına münasibət eyni olmalıdır”

 

“Hörmətli sədr, öncə Asiya Parlament Assambleyasının 15-ci sessiyasının yüksək səviyyədə təşkilinə və uğurlu nəticələrinə görə sizə və zəhməti olan hər kəsə öz minnətdarlığımı bildirirəm.

 

Müzakirə olunan məsələ ilə bağlı Nizami Səfərova ətraflı və yüksək səviyyəli çıxışına görə təşəkkür edirəm. Deputat olduğum dövrdə bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırmışam ki, ümumiyyətlə Azərbaycanda hakimlər ömürlük təyin olunsunlar”.

 

Bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

 

Millət vəkili bildirib ki, Azərbaycanda dövlət hakimiyyətinin həyata keçirilməsi konstitusiyaya görə, hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir və yaş məhdudiyyəti icra hakimiyyətinin başında duran ölkə Prezidentinə, qanunverici hakimiyyətin üzvlərinə şamil olunmur: “Hesab edirəm ki, hakimlərə də yaş həddi şamil olunmamalıdır. Əlbəttə, kimsə deyə bilər ki, hakimlər yaşlaşacaqlar, onların iş qabiliyyəti aşağı düşəcək və.s. Bununla bağlı 1998-ci ildə Amerika Birləşmiş Ştatalarında onların məhkəmə-hüquq sistemi ilə tanış olarkən mən, Apellyasiya Məhkəməsinin aparat rəhbərinə bu sualı verdim ki, sizdə yaşlı hakimlər işə gəlməsə, yaxud özləri istefa verməsə bu məsələ necə həll olunur? O mənə dedi ki, orada praktikada belə bir şey olmayıb. Ona görə ki, hakimlər xüsusi qaydada seçilən, cəmiyyətdə ədaləti qoruyan və ədaləti bərpa edən şəxslərdir. Onlar ədalətli, vicdanlı insanlardırlar və onlar səhhətləri fəaliyyətə imkan verməyəndə özləri könüllü istefa verirlər. Yenidən soruşdum ki, tutaq ki, biri belə vəziyyət yaransa da istefa vermədi, o zaman necə olacaq? Cavab verdi ki, həmin bir, yaxud iki nəfərə görə, bütövlükdə sistemdən, bu yanaşmadan imtina etmək doğru olmaz. O halda da yəqin ki, onun həmkarları ona tövsiyə edərlər ki, artıq sizin istefa verməyinizə zərurət var”.

 

Millət vəkili bildirib: “Mən bunu ona görə söyləyirəm ki, bu, hakimlərin müstəqilliyinə töhfə vermiş olar. Azərbaycanda birinici instansiya məhkəməsinin hakimləri və Apellyasiya Məhkəməsi hakimləri üçün 66 yaş kateqoriyası nəzərdə tutulub, Ali Məhkəmə üçün 68, Konstitusiya Məhkəməsi üçün 75 yaş. Əgər biz onları ömürlük təyin etməiriksə, heç olmasa onların hamısı üçün eyni yaş müəyyən olunmalıdır. Tutaq ki, 75 yaş. Bundan başqa biz məhkəmə hakimiyyətinin gücləndirilməsi, hakimlərin müstəqilliyinin təmin edilməsi istiqamətində son illər qanunvericilikdə müəyyən dəyişikliklər edirik, o cümlədən elə Məhkəmə-Hüquq Şurasının formalaşdırılması istiqamətində də ciddi addımlar atdıq, dəyişikliklər həyata keçirdik. Amma düşünürəm ki, hakimlərin vəzifədən kənarlaşdırılması ilə bağlı məsələyə yenidən baxmalıyıq. Hakimləri intizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən kənarlaşdırmaq olmaz. Hakimiyyətin bütün qanadlarına münasibət eyni olmalıdır. Prezident də, deputatlar da, hakimlər də yalnız cinayət törətdikdə və Ali Məhkəmə tərəfindən onların əməllərinə hüquqi qiymət verilərsə və hökm qanuni qüvvəyə minərsə, bu halda onlar vəzifələrindən kənarlaşdırıla bilər. Hesab edirəm ki, biz bu istiqamətdə qərarları qəbul etsək, o cümlədən, hakimlərin maddi təminatını, maaşlarını da yüksəltsək cəmiyyətdə ədaləti təmin edə bilərik. Ədalətin təmin olunması həm də bizim iqtisadiyyatımızın inkişafı, cəmiyyətimizin bütün digər sahələrində böyük tərəqqiyə nail olmaq deməkdir. Ona görə ki, güclü məhkəmə hakimiyyəti mülkiyyət toxunulmazlığının təminatı, ölkəyə investisiya qoyuluşunun təmin edilməsi deməkdir və s. Ona görə də hörmətli sədr, hörmətli həmkarlar, hesab edirəm ki, biz müvafiq icra hakimiyyəti orqanları ilə bu istiqamətdə işimizi davam etdirməliyik və çalışmalıyıq ki, Azərbaycanda hakimlər ömürlük təyin olunsunlar, yaxud heç olmasa bütün hakimlər üçün bu yaş həddi eyni müəyyən olunsun”.


OXŞAR XƏBƏRLƏR

Fuad Babayevin məhkəməsi başladı - Hansı cəza veriləcək?

"Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəş...

Ağır qəzada ölən qohumların FOTOSU

Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.   Sfera.az xəbər ver...

21 yaşlı hamilə qadının ölümünə görə ginekoloq məhkəmə QARŞISINDA

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon ...

"Kızılcık Şerbeti”nin aktrisasına 5 il həbs

"Kızılcık Şerbeti” serialında "Nilay" obrazı ilə tanınan aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun qız dostunu hədələdyi üçün mə...

Bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

Nizami rayonu ərazisində bir nəfər işə düzəltmək adı ilə yalan vədlər verərək paytaxt sakininin 3000 manat pulunu talayıb.   Sfera.az xəbər verir ki,...

ABŞ-İran görüşü hansı tarixdə reallaşacaq? - AÇIQLAMA

“İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların növbəti raundunun vaxtı və yeri ilə bağlı hələlik razılıq əldə olunmayıb”.   Sfera.az...