Hədəf yalnız günahsız insanları öldürmək deyildi

Bu, adi bir qətliam deyildi. Bu, sadəcə bir “insan” qəddarlığının nəticəsi olan faciə də deyildi. Xocalı soyqırımı planlaşdırılmışdı – soyuq hesablarla, amansız niyyətlə, yalnız bir böyük kəndi yox, bir xalqın ruhunu qırmaq üçün düşünülmüşdü. Hədəf yalnız günahsız insanları öldürmək deyildi – bizə qorxu aşılamaq, diz çökdürmək, Azərbaycan və azərbaycanlıların başını əymək idi.
Və bu mundar məqsəd uğrunda körpələr, qadınlar, yaşlılar – Xocalının dinc sakinləri amansız işgəncələrə məruz qaldılar. 1992-ci il fevralın 26-na keçən gecə Xocalı “çarmıxa çəkildi”. O gecə hər şey dəyişdi. Bu qırğının şahidi olanlar bir daha əvvəlki kimi ola bilmədilər. Xocalı faciəsini görən gözlər o gündən sonra dünyanı başqa cür gördü. Bəziləri isə heç görmədi.
Zaman keçdi. Bəzilərimizin, hətta çoxlarımızın nə itirilmiş torpaqlara olan ümidləri, nə də şəhidlərimizin qisasına inamı var idi. Amma bir şey dəqiq idi: hər bir azərbaycanlı, haradasa, ürəyinin dərinliyində bilirdi ki, nə vaxtsa Xocalının qisası alınacaq.
Bu yalnız bir soyqırım deyildi. Onun nəticələri yaddaşımıza qanlı hərflərlə yazıldı: milyonlarla qaçqın, minlərlə şəhid, işğal altında qalan torpaqlar. Xocalı yarası Azərbaycan üçün yalnız keçmişin yox, həm də gələcəyin bir hissəsinə çevrildi.
Lakin zaman keçdi. Otuz ilə yaxın müddətdə dünya dəyişdi, yeni müharibələr başladı, yeni sülh müqavilələri bağlandı, bir-birinə düşmən olanlar belə barışdı. Amma Xocalı adlı faciəmiz bizə heç bir barışıq haqqında düşünməyə imkan vermirdi.
Biz Xocalını unutmadıq. Ona görə də müharibəmizi də unutmadıq. Unutmadığımız üçün də qalib gəldik.
Çünki biz “heç kim və heç nə unudulmur”, “döyüş alnımıza yazılıb” şüarları ilə yaşadıq. (ANS-i də unutmaq mümkün deyil.)
Biz Xocalının havasını görmədən, hava proqnozlarından duyurduq. Çünki qisasımıza inanırdıq.
Və nəhayət, Azərbaycan əsgəri və onun Ali Baş Komandanının Dəmir Yumruğu sayəsində torpaqlarımızı geri aldıq. Qaçqınlarımız yavaş-yavaş doğma torpaqlarına qayıdır. Bakıda isə Xocalı soyqırımını törədənlərin bir hissəsinin məhkəməsi gedir.
Biz qalib ölkənin məğrur vətəndaşlarıyıq. Bu gün dünyanın bütün dövlətləri və xalqları qarşısında başımız dikdir.
Bütün yaralar sağalır və əlbəttə ki, sağalacaq.
Amma Xocalı yarası – heç vaxt.
Emin Əfəndi
Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19