"“Qara qutu”ların açılması faciə günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq" - Prezident

"“Qara qutu”ların açılması faciə günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq" - Prezident

“Qara qutu”ların açılması faciə günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq.

 

Sfera.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, “qara qutu”ların açılması prosesi başlanmışdır:

 

"Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.

 

“Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm. Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq".


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...