3 nəfər maşının altında qalıb öldü
Hadisə
12:53 / 12.01.2017
1669
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Sfera.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 11-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi "QAZ-2410" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş R.Hüseynov orada ölüb.
Yanvarın 11-də saat 19 radələrində isə Nərimanov rayonu M.Araz küçəsində Bakı şəhər sakini Rza Balayzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Cəsarət İsayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Digər hadisə isə yanvarın 11-də saat 06 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində baş verib. Bakı şəhər sakini Fuad Behbudov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən şəhər sakini Cəfər Sadıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Qəzalarla bağlı araşdırma aparılır.