Azərbaycanda avro UCUZLAŞIR - Bu mallar ucuzlaşa bilər
Azərbaycanda artıq 2 aydan çoxdur ki, avronun ucuzlaşması müşahidə edilir.
Sfera.az xəbər verir ki, bu gün avro bir qədər də ucuzlaşaraq 1,76 manata düşüb.
Xatırladaq ki, bu ilin sentyabrın 25-də Mərkəzi Bankda bir avro 1,9 manatdan baha idi. Ötən müddətdə 100 avro 14 manat ucuzlaşıb. Hazırda böyük banklarda bir avro 1,77 manata satılır, 1,73 manata isə alınır.
Avronun ucuzlaşmasının səbəbi dollar qarşısında dəyərini itirməsidir. Azərbaycan manatının xarici valyutalara qarşı məzənnəsi dollarla olan məzənnə əsasında müəyyən edildiyindən, avro ilə dollar arasında kursun dəyişməsi avro ilə manat arasında da kursun dəyişməsinə səbəb olur.
Bu ilin sentyabrın sonunda bir avro 1,11 dollardan baha idi. Amma hazırda bir avro 1,037 dollardır. Avronun ucuzlaşması Azərbaycana avrozona ölkələrindən idxal edilən bəzi malların (avtomobil, məişət avadanlıqları, texniki vasitələr, müxtəlif maşınlar və s.) dəyərinin manat ifadəsində aşağı düşməsinə səbəb olur.
Proqnozlara əsasən, yaxın aylarda bir avronun bir dollara qədər ucuzlaşma ehtimalı var. Bu proqnoz özünü doğruldarsa, Azərbaycanda avronun manata qarşı olan məzənnəsi də ucuzlaşaraq 1,7 həddinə qədər düşəcək.
Vasif
Sfera.az