Ordumuzun qış mövsümünə hazırlığı hansı səviyyədədir? - RƏSMİ AÇIQLAMA
Bu il qış fəsli ölkəmizə dekabrın 21-i daxil olacaq. Buna baxmayaraq, artıq keçən həftə paytaxta qar yağıb. Dağlıq ərazilərdə isə qarın hündürlüyü 20 santimetri keçib. Belə olan halda vətənimizin keşiyində duran əsgərlərimizin vəziyyəti daha çox düşündürür.
Maraqlıdır, bu il Azərbaycan Ordusunda qış mövsümünə hazırlığı hansı səviyyədədir?
Mövzu ilə bağlı Sfera.az Müdafiə Nazirliyinə sorğu göndərib.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov sorğumuza cavab olaraq bildirib ki, plana uyğun zəruri tədbirlər icra edilib və ordumuz qış mövsümünə tam hazırdır:
“Hər il olduğu kimi müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq hərbi hissələrdə qışa hazırlıqla bağlı qarşıya qoyulmuş bütün tapşırıqlar vaxtında icra olunub. Şəxsi heyət qış mövsümünə və xidmət şəraitinə uyğun olaraq isti geyimlə tam təmin edilib. Hərbi qulluqçuların sağlamlığının qorunması, normalara uyğun və düzgün qidalanması, mövsümi xəstəliklərə yoluxmaması məqsədilə zəruri işlər görülüb, mütəmadi olaraq profilaktik və maarifləndirici tədbirlər yerinə yetirilir, təhlükəsizlik qaydaları çatdırılır və icrası yoxlanılır. Silahların, döyüş sursatlarının, döyüş və xüsusi texnikaların payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə görülən kompleks tədbirlər başa çatmış, mövsümə uyğun yanacaq-sürtkü materialları ilə təminat yekunlaşmışdır. Qış dövründə dağlıq və çətin iqlim şəraiti olan ərazilərdə yerləşən bölmələrin xidməti-döyüş fəaliyyətinin düzgün təşkil edilməsi üçün bütün növ təminatların - ərzaq, əşya tədarükü yekunlaşmış, istiliyin fasiləsiz təmin olunması məqsədilə tələblərə uyğun istilik qurğuları, maye yanacağı, odun ehtiyatları ayrılmışdır. Qış aylarında təminat yollarının daima işlək vəziyyətdə saxlanılması, qardan təmizlənməsi üçün lazım olan xüsusi texnika istismara tam hazırdır”.
Firuzə Əliyeva