Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günüdür
BMT-nin təşəbbüsü ilə dekabrın 9-da Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü qeyd edilir.
Sfera.az xəbər verir ki, 2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda 2003-cü il noyabrın 1-də BMT Baş Məclisi tərəfindən qəbul edilmiş BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası imzalanmaq üçün açıq elan edilmişdi.
Bu sənədi imzalayan dövlətlər rüşvətləri, büdcə vəsaitlərinin oğurlanmasını və korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin təmizə çıxarılmasını cinayət elan etməyə borcludurlar.
Konvensiyanın müddəalarından birinə görə, vəsaitlər korrupsiya nəticəsində hansı ölkədən daxil olmuşdursa, həmin ölkəyə qaytarılmalıdır. 2003-cü il Konvensiyası bu qəbildən ilk sənəddir. Konvensiya korrupsiyaya qurşanan strukturlar, milli rifaha ziyan vurulduğu ölkələr üçün xüsusilə əhəmiyyətlidir.
BMT baş katibinin xüsusi nümayəndəsi Hans Korella korrupsiyaya qarşı beynəlxalq mübarizə gününün təsis olunması haqda qərarı elan edib və 100-dən çox ölkənin nümayəndələrini konvensiyanı imzalamağa çağırıb.
Qeyd edilib ki, bu sənəd “Ölkələrin inkişafına ziyan vuran, demokratiya və hüquqi dövlət rejimi üçün təhlükə mənbəyi olan” korrupsiyaya qarşı mübarizədə beynəlxalq hüququn mühüm vasitəsinə çevrilməlidir.
Bu gün dünyanın bir sıra ölkələrində korrupsiyaya qarşı beynəlxalq mübarizə gününə həsr edilmiş nümayişlər, görüşlər, konfranslar, seminarlar və başqa tədbirlər keçirilir.
Qeyd edək ki, Azərbaycanda da “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun mövcuddur. Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlib. Bu Qanun, habelə dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə edilirlər. Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə edilir. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.
Firuzə Əliyeva
Sfera.az