"Türkiyə Suriyada yeni bir siyasi nizam qurur" - AÇIQLAMA
Suriyada baş verən proseslər dünya mediasının əsas müzakirə obyektlərindən birinə çevrilib. Belə ki, silahlı müxalifət Hama şəhərini ələ keçirdikdən sonra Homs şəhərinə doğru irəliləyir, hədəfdə paytaxt da var.
Maraqlıdır, prosesin gedişatında nələr gözlənilir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Suriyada müharibə yeni mərhələyə keçib:
“Dörd il bundan əvvəl aparılan müharibədən fərqli olaraq hazırkı döyüşlərdə B. Əsəd və müttəfiqləri xeyli zəifləyib. Əsədin dörd il ərzində siyasi iradə ortaya qoymaması, müxalifət və Türkiyə ilə danışıqlardan yayınması hazırkı vəziyyətlə üzləşdirdi. Dörd il ərzində Suriya üzrə heç bir siyasi həll yolu axtarılmadı. Movcud status-kvonun saxlanılması Əsədi, Moskva və Tehranı qane edirdi. Məhz Suriyada siyasi həll yolu labüd idi. Dörd il ərzində davam edən status-kvonun davam etməsi isə Türkiyənin təhlükəsizliyini və regional sülhün əldə edilməsini çətinləşdirirdi. Əsəd hakimiyyəti Yaxın Şərqdə Rusiya və İranın geosiyasi mövqelərini inkişafına xidmət edərək, Fələstin dövlətinin yaradılmasını da əngəlləyir. Həmçinin Şimali Suriyada yeni bir PKK-YPG dövlətinin qurulmasına zəmin yaradırdı”.
O qeyd edib ki, hazırda Türkiyə Suriyada yeni bir siyasi nizam qurur:
“Bu prosesin qarşısını İran ala bilməyəcək. İran Yaxın Şərqdə kifayət qədər zəifləyib. Rusiya isə müharibəyə qoşulmaq niyyətində deyil. Artıq Suriyanın strateji şəhərləri Hələb, Hama müxalifətin nəzarətinə keçib. Homs və Latakiyaya hücumlar fonunda rejim qüvvələri silahları qoyub qaçır. Göründüyü kimi, Suriya ordusu şimal istiqamətində ciddi döyüşməyərək mövqelərindən geri çəkilir”.
M.Əsədullazadənin sözlərinə görə, Suriyada döyüşən “Azad Suriya Ordusu” və “Heyət Təhrir əş-Şam” (THŞ) silahlı qrupları Dəməşqə doğru irəliləyəcəksə, Əsəd ordusu müqavimət göstərə bilməyəcək:
““Heyət Təhrir Əş-Şam” silahlı təşkilatın rəhbəri Colani idarəetməni əlində tutmayacağını və keçid hökumətinə təhvil veriləcəyini elan edib. Həmçinin Əsəd devriləndən sonra təşkilatın buraxılacağını elan edib. İranın təqdim etdiyi kimi bu təşkilat heç də radikal deyil və idarəetməni əlində tutmayacağını elan edib. Göründüyü kimi, Türkiyə prosesləri çox ciddi şəkildə idarə edir. Azad Suriya Ordusu və HTŞ təşkilatı Suriyada azad şəkildə fəaliyyət göstərə bilməz. Türkiyə PKK-YPG terror təşkilatını da Şimal-Şərqi Suriyadan çıxaracaq. İran və Rusiya Suriyadan çıxarıldıqdan sonra Hizbullah da zəifləyəcək”.
Firuzə Əliyeva