"Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır, silah aldıqları ölkələrin..." - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ermənistanın 2025-ci ildə hərbi büdcəsi 1,7 milyard dollardan çox olacaq. Bu isə ötən illə müqayisədə 20 faiz çoxdur. Analitiklərin fikrincə, Ermənistanın hərbi xərclərinin sürətlə artırması bölgədə sülh gündəliyini təhdid edir.
Bununla bağlı Sfera.az-a açıqlama verən Sosial Rifah və Tədqiqatlar Mərkəzinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli xatırladıb ki, Ermənistanın Fransa, Hindistan, Yunanıstan və digər ölkələrdən silah aldığı haqqında xəbərlər də gündəmi zəbt edir:
“Bəzi erməni politoloqların çıxışlarına diqqət etsək, bir çox mətləblər aydınlaşar. Real vəziyyət onu deməyə əsas verir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır. Bu ölkənin hərbi xərclərini artırması isə sual yaradır. Yəni iqtisadi imkanları o qədər böyük olmayan kiçik bir ölkə silahlanmaya bu qədər vəsaiti haradan və kimdən tapır? Gələcəkdə bu silahlar hansı ölkəyə tuşlanacaq? Heç şübhəsiz ki, həmin hərbi resurslar müdafiə məqsədilə alınmır. Onların hara tuşlanacağı da bəllidir.Təbii ki, belə məqamda davamlı addımların atılmasına ehtiyac var”.
Müsahibimiz qeyd etdi ki, Ermənistana silah satan ölkələrlə bütün sferalarda danışıqlar aparmaq lazımdır:
“Həmin ölkələrin nəhəng şirkətlərinin Azərbaycanla geniş əlaqələri var. Hətta bəzi nüfuzlu şirkətlər öz ölkələrinin xarici siyasətinə təsir etmək gücündə olur. Bu baxımdan regionda yenidən müharibə riskinin yaranmaması, Azərbaycanın hər hansı itkilərlə üzləşməməsi üçün Ermənistan sülh müqaviləsini hərbsizləşdirilmiş ölkə kimi imzalamalıdır. Əks təqdirdə, Ermənistan istənilən sülh müqaviləsini öz əxlaqına uyğun poza biləcək, konfliktlərə meylli ölkə olduğunu göstərəcək. Digər tərəfdən nəinki ermənilərə, hətta onların imzalayacağı sülh müqaviləsinə də etibar etmək çətindir”.
Günay Rəsulqızı